Xəbərlər

Azərbaycanda turizm: Lənkəran haqqında hər şey-otellər, qiymətlər, görməli yerlər
15 iyun, 2015 14:48

Bu yazılarda həmin bölgə haqqında oxuculara maraqlı olacağını düşündüyümüz bütün məlumatları çatdırırıq.

Bu dəfəki yazımızda isə cənub-şərq bölgəsinə, gözəl təbiəti, subtropik iqlimi, çimərlikləri, çayı və sitrus bitkiləri ilə dillər əzbəri olan, bir zamanlar Ləngərkünən, yəni “lövbər yeri”, liman adlandırılan  Lənkərana səyahət edəcək, buranın gəzməli görməli yerləri barədə məlumat verəcəyik.

Necə getmək olar?

Lənkəran Bakıdan 270 km məsafədə, paytaxtdan cənub-şərqdə, Xəzər dənizinin isə cənub-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.

Bura istirahətə getmək üçün həm şəxsi avtomobildən, həm taksidən, həm avtobusdan, həm də qatardan istifadə etmək mümkündür. Maşınla Lənkərana Bakıdan 3 saat yarıma, avtobusla isə 4 saata çatmaq olar.

Hər gün Bakı Beynəlxalq Avtovağzalından Bakı-Lənkəran istiqamətində səhər saat 7:00-dan 16:15-dək bir saatdan bir avtobuslar yola düşür. Avtobusda bir yerin qiyməti 7 manat təşkil edir.

Qatarla getmək istəyənlər Bakı-Astara-Bakı “Ekspress” qatarından  istifadə edə bilərlər. Bakıdan-Lənkərana qatarda bir nəfərlik qiymət 5 manat təşkil edir.

Otellər

Lənkəran Azərbaycanın ən böyük şəhərlərindən biridir. Füsunkar gözəlliyi, unikallığı buranı ölkənin əsas  istirahət bölgələrindən birinə çevirib. Buna görə də burada  çoxlu sayda turizm-istirahət kompleksləri tikilib.

Burada fərdi evlərdən tutmuş ən yüksək xidmət təklif edən dördulduz, beşulduz otellərə qədər tapmaq mümkündür. Buradakı məşhur otellərdə bir gecəlik qiymətlər 30 manatdan 105 manatadək dəyişir. 

Görməli yerləri

Lənkəran həm dəniz, həm meşə, həm də dağla əhatə olunub. 9 iqlim qurşağından 8-i məhz bu zonadadır. Buna görə də burada nadir ağaclar bitir, bir çox bitkilər, meyvə-tərəvəzlər becərilir. Bu diyar bütün il boyu yaşıllığa bürünüb.

Lənkəran çayı

Lənkəran çay bitkisinin istehsalına görə məşhurdur. Burada istehsal edilən yüksək keyfiyyətli çay bir çox ölkələrə ixrac olunur. Elə şəhərin girişində də buranın çayın vətəni olduğunu göstərmək üçün nəhəng samovar quraşdırılıb.

Endemik ağaclar diyarı

Qeyd etdiyimiz kimi, Lənkəranın çox zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur.

Dəmirağacı, azat, ipək, akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır.

Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40-45 metr olur.

Digər nadir bitki növü isə dəmirağacıdır. Onun xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağaclarda qalırlar.

Müalicəvi “Qara qum”

Lənkəranın bir hissəsi Xəzər dənizinin sahilində yerləşir. Bu sahil xəttinin əsas xüsusiyyətlərindən biri də qeyri-adi müalicəvi xassələrə malik olan qara qumdur.  Bu quma görə Lənkərana hər yay minlərlə turist səfər edir.

Haftoni meşələri

Lənkəranın əsas gəzməli yerlərindən biri də Haftoni zonasıdır. Bura öz tarixi obyektləri və “Lənkəran” müalicə zonası ilə məşhurdur. Burada istirahət edənlərin Haftoni meşələrində yerləşən müalicəvi qaynaqlardan İstisu suyunun əsasında dolğun müalicə kursu keçmək imkanı var.

Hirkan və Qızılağac qoruqları

Lənkəranda həm də nadir heyvan və quş növləri qorunur. Lənkəran rayonunun ərazisində iki qoruq - Hirkan və Qızılağac qoruqları var. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.

Tarixi abidələr

Lənkəran qalası

Müasirliklə yanaşı qədimliyi də qoruyan Lənkəranda tarixi görməli yerlər çoxdur. Burada indiyə qədər salamat qalmış bir çox tarixi abidələr var. Onlardan biri də Lənkəran qalasıdır. XVIII əsrdə inşa edilən bu qala  Talış xanlığında vacib müdafiə istehkamlarından biri olub.

Onun divarları öz iri formaları və möhkəm çıxıntı sıraları ilə böyük təəssürat oyadır. Qala, orta əsrlər üçün ənənəvi olan, lazım gəldikdə isə su ilə doldurulan xəndəklə əhatə olunub.

Tikilinin əsas obyektləri hücum edənlərin nişan alınaraq atəşə tutulduğu şimal və cənub qüllələridir. Qala ərazisində, həmçinin şəhər bazarı olub və onun yerində yüz illər öncə bütün regionda zəvvarlar üçün ən çox ziyarət olunan yerlərdən biri olmuş iki məscid ucaldılıb.

Şəhərin ilk üçmərtəbəli evi

Lənkəranın ən parlaq memarlıq abidəsindən biri şəhərin tam mərkəzində yerləşən Mirəhməd xanın Evidir. 1913-cü ildə tikilən  bu memarlıq abidəsi şəhərdə ilk üçmərtəbəli bina olub. Onun layihəsində iki fransız memar çalışıb, amma buna baxmayaq evin xarici görünüşündə milli Azərbaycan memarlığının cizgiləri var.

Qərb və şimal tərəfdən fasadlar kərpicdən və ağ daşdan, şərq və cənub tərəfləri isə yalnız qırmızı kərpicdən hörülüb. Giriş qapısının üzərində mistik heyvan şəkilləri təsvir olunub.

Stalinin məhbus olduğu “Dairəvi qala”

Lənkəranın görməli yerlərindən biri də “Dairəvi qala”dır. Bu qala şəhərin mərkəzi küçələrindən birində yerləşir. Olduqca özünəməxsus olan bu tikili Lənkəran xanlığının zamanından qalıb. Qala XVIII əsrə aiddir. Tarixən bu qala xanın zindanı olub. Yeraltı keçidlər “Dairəvi qala”nı Lənkəran mayakı, Xan sarayı, “Böyük bazar məscidi” ilə birləşdirirmiş.

Vaxtilə Stalin də “Dairəvi qala”da məhbus olub. 

Lənkəran mayakı

Lənkəranın ən gözəl yerlərindən biri də Lənkəran mayakıdır. Bu mayakın 1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. O, Lənkəran qalasının dayaq məntəqələrindən biri olub. Şəhərin şimal-şərq hissəsində yerləşir.

Lənkəranın çar Rusiyası tərəfindən işğalından xeyli sonra bu tikilidən mayak kimi istifadə olunmağa başlanıb. Mayakın hündürlüyü fənərlə birlikdə 33,4 metrdir.

Mayakdan onun oxşarı olan və onunla eyni vaxtda inşa edilən Dairəvi Qalaya vaxtilə yeraltı yol olub. Onun qalıqları bu günə kimi qalmaqdadır. Binanın divarlarının qalınlığı aşağı hissədən 2 metrdən artıqdır.

“Torpağı münbit, havası təmiz – Lənkəran”

Lənkərandan millət vəkili seçilən Hadi Rəcəbli də Lənkəranı turizm üçün ən əlverişli yerlərdən hesab edir:

“Allahın təbiətə verdiyi 9 iqlim zonasının 8-i Lənkərandadır. Lənkəranda dəniz, meşə, dağ, subtropik iqlim, Hirkan, Qızılağac qoruqları, ekoloji təmiz ərzaq var, görməli yerləri çoxdur. Buranın torpağı çox münbit torpaqdır.  

Meşənin, dağın, dənizin, yəni üç havanın qovuşması insanlara çox gözəl əhval-ruhiyyə verir. Ona görə də Lənkəran turizm üçün çox əlverişli yerlərdəndir. Burada insanların ümumi intellekti turist qəbul etmək səviyyəsindədir. İnsanlar şəhərdə turist görəndə qonaqpərvərliklərini göstərirlər. Lənkəranın beynəlxalq hava limanı fəaliyyət göstərir. Buradan  Rusiyanın bir çox şəhərlərinə reyslər var”.  

Millət vəkili burada kifayət qədər gözəl otellərin olduğunu da qeyd edir.

Onun sözlərinə görə, bu otellər ən yüksək səviyyədə turist qəbul etməyə hazırdırlar: “I Avropa Oyunlarının qonaqları  da bizim bölgəyə gələ bilərlər. Burada istirahət üçün hər cür şərait var”.

Beləcə, biz qısaca Lənkəran ilə bağlı marağınıza səbəb olacağını düşündüyümüz məlumatları verdik. Hansı nəqliyyat növü ilə gedəcəyiniz, hansı yerlərdə gecələyəcəyiniz isə sizin seçiminizə qalır. 

Hər birinizə xoş istirahətlər arzulayırıq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.