Ertv.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında tanınmış ifaçı, Xalq artisti Nəzakət Teymurova dilə gətirib.
Onun dediyinə görə, Avropa Oyunları illər keçdikcə yaddaşlarda qalan hadisəyə çevriləcək:
"Oyunların keçirilməsi həm mədəniyyətmizdə, həm idmanımızda, həm də siyasətimizdə böyük təkan olacaq. Əgər dünya səviyyəsində, böyük arenalarda Azərbaycanın adı çəkilirsə, bayrağı dalğalanırsa, nə xoş bizə.
Dünyaya səs salan dövlətimizlə, qürurla dalğalanan bayrağımızla fəxr edirəm. Azərbaycan vətəndaşı olduğum üçün qürur duyuram. Ümid edirəm ki, bu idman yarışlarında uğrunda mübarizə aparılan qızıl medallar bizim idmançılarımızın payına düşəcək. Qələbə bizimlə olacaq".
Xalq artisti bildirib ki, Birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axını başlayacaq:
"Əminəm ki, xarici turistlər həm mətbəximizi, həm də mədəniyyətimizi bəyənəcəklər. Bundan başqa, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Avropa Oyunlarının xüsusi rolu var. Azərbaycanın nəinki Avropaya, mən deyərdim ki, dünyaya tanınmasında bu, ən əhəmiyyətli hadisələrdən biridir.
Hesab edirəm ki, Avropa Oyunlarının əhəmiyyətliliyi, vacibliyi nəinki idmanımıza, eyni zamanda, gələcək nəslin Avropaya daha yaxından inteqrasiya etməsinə böyük təsir göstərəcək. Avropa deyəndə heç də ağlınıza Avropanın daha çox inkişaf etmiş hansısa ölkəsi və ya hansısa bizim milli-mədəni mentalitetimizə uyğun olmayan adəti gəlməsin. Avropanın özündə də ənənələr deyilən bir anlayış var. Avropa Oyunlarını keçirməklə biz öz qapılarımızı dünya ölkələrinin nümayəndələrinə açmış oluruq.
Mən deyərdim ki, “Bakı 2015” Avropa Oyunları böyük bir tarixi hadisədir. Çünki zaman keçdikcə və növbəti ölkələrdə bu tədbir keçirildikcə, Azərbaycanın adı hallanacaq. Hər kəs bu nüfuzlu tədbirin ilk dəfə Azərbaycanda keçirildiyini yada salacaq. Mən bir vətəndaş olaraq bu tədbirin keçirilməsindən fəxarət hissi duyuram".
N. Teymurovanın bildirdiyinə görə, bu təbir Azərbaycanın dünyada tutduğu mövqeyi daha da möhkəmləndirəcək, dünya dövlətləri sırasında müsbət imicimiz formalaşacaq:
"Çünki hər birimiz bilirik ki, bu gün erməni lobbisi beynəlxalq aləmdə ölkəmizi, xalqımızı gözdən, nüfuzdan salmaq üçün hər cür qara piara əl atır. Amma dünyanın 50 ölkəsinin nümayəndələrinin Azərbaycana gəlişi, onlara açılan qapı bir daha ölkəmizin və xalqımızın sülhməramlı olduğunu dünyaya sübut edəcək. Məncə, bundan gözəl təbliğat vasitəsi ola bilməz. Bu mənada, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün bir fürsətdir"-deyə, o, mətbuata açıqlamasında daha sonra sözlərinə əlavə edib.