Təltif haqqında Fərman RF-nin rəsmi hüquq informasiyası portalında yerləşdirilib.
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, V.Mustafayev Rusiya Federasiyasının “Dostluq” ordeninə RF ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə, ticari-iqtisadi və mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə layiq görülüb.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya Günü münasibətilə tədbirdə “Dostluq” ordenini V.Mustafayevə təqdim edib.
V.Doroxin Vaqif Mustafayevin xalqlar arasında sülhün, dostluğun, əməkdaşlığın və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsində xüsusi xidmətlərini, müxtəlif xalqların mədəniyyətlərini zənginləşdirməsi istiqamətində səmərəli fəaliyyətini qeyd edib.
Hazırda Vaqif Mustafayev “Space” telekanalına rəhbərlik edir, habelə yeni irimiqyaslı tele və kinolayihələr üzərində çalışır. Vaqif Mustafayev “Bəyin oğurlanması”, “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba” kimi tanınmış filmlərin, ümummilli lider Heydər Əliyevin haqqında silsilə sənədli filmlərin, o cümlədən “Lider”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” sənədli filmlərinin rejissorudur.
Onun filmləri müxtəlif nüfuzlu kinofestivallarda dəfələrlə mükafatlara layiq görülüb. Məşhur İtalyan rejissoru Bernardo Bertoluçşi Vaqif Mustafayevin “Yaramaz” filmini hələ 20 il əvvəl dünyanın 35 ən yaxşı filmindən biri sayıb. Dünya kinematoqrafının digər klassiki Kşiştof Kislevski bu filmi Sorentoya Beynəlxalq kino festivalına göndərib.
Burada rejissor Qran-pri mükafatına, “Vittorio de Sika adına qızıl medal”a layiq görülüb. Böyük yazıçı və dramaturq, Federiko Fellini filmlərinin ssenari müəllifi Tonino Querra Sankt-Peterburqda beynəlxalq festivaldan Vaqif Mustafayevin “Hər yaxşılığa doğru” filminin surətini özü ilə aparıb və bu filmin dünyanın ən yaxşı filmləri kataloquna daxil olunmasını tövsiyə edib.
Bu gün film Almaniyanın Oberhauzen şəhərinin Kino Muzeyində saxlanılır.
Vaqif Mustafayev milli kino və televiziya tarixində beynəlxalq ustad dərslərinə dəvət olunan ilk azərbaycanlıdır. Onun ustad dərsi 2008-ci ilin noyabrında Rusiya Kinematoqrafçılar İttifaqının Kino Evində olub. Dərsdə 20-dən çox ölkədən kino və televiziya xadimi iştirak edib.
Vaqif Mustafayev 1997-2008-ci illər dövründə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş on sənədli film çəkib. Bu filmlər çoxsaylı beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb. Dövlət başçısı haqqında filmlər əvvəllər heç vaxt mükafatlandırılmadığından bu mükafatlar dünyada Heydər Əliyev şəxsiyyətinə böyük marağın olmasından xəbər verir.
Azərbaycanda, Rusiyada və başqa ölkələrdə geniş tanınan bu kinolentlər dünyanın bir çox dillərinə tərcümə və dublyaj olunub.
Xatırladaq ki, Vaqif Mustafayev milli kino sənətinin inkişafına böyük töhfəsinə görə Azərbaycan Respublikasının “Şöhrət” ordeninə və Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb. Rusiya Milli Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası kinematoqrafiyaya sanballı töhfəsinə görə Vaqif Mustafayevi “Qızıl medal”a layiq görüb.
2007-ci ildə Vaqif Mustafayev Avropa Televiziya və Radio Akademiyasının keçirdiyi X Avrasiya Teleforumunun sədri olub. Burada nüfuzlu “Beynəlxalq Olimp” mükafatına layiq görülüb.
Vaqif Mustafayev Serbiyanın “Dünya kino sənətinə töhfəsinə görə” mükafatına layiq görülüb. Kino dünyasının Teo Angelopulos, Ken Rassel, Bernardo Bertoluççi və Nikita Mixalkov kimi əfsanəvi simaları da vaxtilə bu mükafatın sahibləri olublar.