Avropa Oyunları: karate döyüşü haqqında pasport
04 iyun, 2015 16:54
Ertv.Az xəbər verir ki, karate dünyada sürətlə inkişaf edən təkbətək döyüş növlərindən və birinci Avropa Oyunlarında keçiriləcək dörd qeyri-olimpiya idman növündən biridir.
Karatenin məşhurlaşması və bütün dünyaya yayılması
Karate ilk dəfə ictimaiyyət qarşısında 1917-ci ildə Yaponiyada nümayiş etdirilib. Bu döyüş növü məşhurluq qazanaraq bütün sosial qruplar arasında milyonlarla insanı cəlb edib. İllər keçdikcə karate döyüşü kiçik Okinava adasını tərk edib və hazırda karate hər irqə mənsub insanlar tərəfindən həm tədris olunur, həm də öyrədilir.
Karatenin növləri
Karateyə müxtəlif texnika, o cümlədən qarşı tərəfi bloka salmaq, yaxud onun hərəkətinə mane olmaq, zərbələr, zərbədən qaçmalar, hücumlar və birgə manipulyasiyalar daxildir.
Karate təlimi üç aspektə bölünür: “kihon” (əsas texnika), “kata” (ardıcıl texniki hərəkətlər) və “kumite” (əlbəyaxa döyüş). Bakı 2015 Avropa Oyunlarında kata və kumite üzrə medal uğrunda yarışlar nümayiş olunacaq. Yarış zamanı hakimlərin elanı Yapon dilində təqdim olunur.
Karate Azərbaycanda
Ölkəmizdə karate WKF Azərbaycan Milli Karate Federasiyasının yaradılmasından sonra fəal inkişaf etməyə başladı.
Azərbaycan yığma komandası hazırda dünyada ən güclülərdən biridir. Yığma komandanın tərkibində-dünya səviyyəli ulduzlar: dəfələrlə Avropa və Dünya çempionu, Dünya oyunları qalibi Rəfael Ağayev, Yeniyetmələr və Gənclər arasında Dünya çempionu İsrafil Şirinov, Ayxan Mamayev, Avropa çempionları Ceyhun Ağasiyev, Rüstəm Mədədov, Niyazi Əliyev, Fəyyaz İldırımzadə, Avropa çempionatının bürünc mükafatçıları Amal Atayev, Şahin Atamov və Rəşad Hüseynov kimi idmançılar yer alır.
Rəsmi qurumlar
Avropa Karate Federasiyası (AKF) Avropada karate idmanının rəhbər orqanıdır və Olimpiya Nizamnaməsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq həvəskar əsasda öz fəaliyyətlərini həyata keçirir. AKF-yə 52 ölkə üzvdür. Hazırda dünyada karate üzrə üç aparıcı ölkə Avropadandır.
Karate “Bakı 2015”də
Bakı 2015 Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 2015-ci ilin 13-14 iyun tarixlərində keçiriləcək. Orada medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında öz istedadlarını nümayiş etdirəcəklər.
“Bakı 2015” haqqında
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək.
Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminnən 6000 idmançının iştirakı gözlənilir.
2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Birinci Avropa Oyunlarının keçirilməsini Bakı şəhərinə həvalə edib.