Xəbərlər

Azərbaycanda turizm: Tovuz haqqında hər şey-otellər, qiymətlər, görməli yerlər
01 iyun, 2015 14:42
Bu yazılarda həmin bölgə haqqında oxuculara maraqlı olacağını düşündüyümüz bütün məlumatları çatdırırıq.
 
Tovuz rayonu 1930-cu ilin avqust ayının 8-də təşkil olunub. Rayon ölkədə ən iri kənd təsərrüfatı rayonlarından biridir. Rayonun ərazisi  1942 km², əhalisi: 163 600 nəfərdir. Yaşayış məntəqələrinin sayı 102 kənd, 41 bələdiyyə, 1 qəsəbə, 2 şəhər (Tovuz və Qovlar şəhərləri).
  
Bu dəfəki yazımızda isə bir qədər uzaq məsafəyə, ölkəmizin qərb ərazisinə, Bakıdan 439 km məsafədə yerləşən Tovuza səyahət edəcək, buranın gəzməli- görməli yerləri barədə məlumat verəcəyik. 
 
Əvvəlcə onu qeyd edək ki, uzaq yol sizi heç vaxt qorxutmasın, çünki buranın gözəlliyini görüb bir andaca yol yorğunluğunuz tamamilə unudulacaq.   
 
Sazlı-sözlü, aşıqlar yurdu Tovuzun dağları, meşələri, qədim abidələri, dadlı yeməkləri sizi heyrətləndirəcək.
 
Necə getmək olar?
 
 Qeyd etdiyimiz kimi, Tovuz Bakıdan 439 km məsafədə yerləşir. Bura istirahətə getmək üçün həm şəxsi avtomobildən, həm taksidən, həm avtobusdan, həm də qatardan  istifadə etmək mümkündür. Bakıdan-Tovuza avtobusla təxminən 8 saat yol qət etmək lazımdır. “Böyük İpək yolu” adlı magistral yol o qədər rahatdır ki, uzaq məsafə belə hiss olunmur.
 
Avtobusla səyahət etmək istəyənlər hər gün Bakı Beynəlxalq Avtovağzalından Bakı-Qırmızı körpü üzrə işləyən böyük avtobuslarla Tovuza gedə bilərlər. Bu avtobuslar səhər saat 8:15-dən axşam 17:30-dək hər yarım saatda yola düşür. Avtobusda bir yerin qiyməti isə 8 manat təşkil edir. 
 
Qatarla getmək istəyənlər Gəncə-Ağstafa, Bakı-Qazax, Bakı-Ağstafa, Bakı-Tbilisi qatarlarından istifadə edə bilərlər.
 
Bakıdan –Tovuza qatarda bir nəfərlik üçün plaskartda qiymət 6,5 manat, kupedə isə 9 manat təşkil edir. Məsafədən asılı olaraq isə qiymət azala bilər.
 
Bakı-Ağstafa-Qazax sürət qatarı hər gün saat 22:40-da, Bakı-Tbilisi sürət qatarı hər gün saat 20:30-da yola düşür.
 
Otellər
 
Tovuza səyahət edərkən harada qalmaqla bağlı probleminiz olmayacaq. 
 
Burada fərdi evlərdən tutmuş ən yüksək xidmət verən beşulduz oteldə də gecələmək mümkündür.
 
Tovuz rayonunda ən böyük turizm obyekti beş ulduz “Ayan Palace” otelidir. Otelin tam təchiz edilmiş ərazisində böyük restoran, banket zalı, hovuzu və fitnes mərkəzi olan SPA mərkəzi fəaliyyət göstərir.  Bu oteldə iki nəfərlik otağın bir gecəlik qiyməti 130 manat təşkil edir.
 
Bundan başqa, Tovuzda üç ulduz otellərdə və digər qonaqlama yerlərində daha ucuz qiymətlər təklif edilir.
 
Turistlər bir çox hallarda otaq və ya evləri kirayə verən yerli sakinlərin evlərində qalırlar. Bu evlərdə  qalmaq isə bir nəfər üçün təxminən günü 20 manata mümkündür.
 
Görməli yerlər: Tarixi abidələrlə zəngin Tovuz
 
Bəzi mənbələrə görə, adı oğuz və toğuz adlı iki türk tayfasının birləşməsindən  yaranan Tovuzun zəngin tarixi və çoxlu görməli yerləri var. 
 
Elə şəhərə daxil olan kimi bu zənginliyi hiss edəcəksiniz. Şəhərin girişində sizi qədim Tovuz qala qarşılayacaq. Burada Tovuzun qədim adət-ənənələrini özündə əks etdirən abidələr qorunub saxlanılır.
 
Bundan başqa, Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri bu ərazilərin nə qədər qədim tarixə malik olduğunu göstərir. 
 
Tovuz rayonunun ərazisində Yanıqlı kəndində XVII əsrə aid körpü, məscid və məqbərə, X əsrdə Tovuz çayı üzərində ucaldılmış körpü, karvansaranın qalıqları qalıb. 
 
XIX əsrdə Tovuz şəhərində tikilmiş yaşayış binaları, kəhriz (yeraltı suvarma kanalı) və su qülləsi, Əlibəyli kəndində VII əsrin Koroğlu qalası, Qazqulu kəndində səkkizüzlü məqbərə, XIX əsrdə tikilmiş qala qalıqları və XVII əsrdə inşa edilmiş Şah Abbas məscidini də ziyarət edə bilərsiniz.
 
Qoyun südü və yumurtadan tikilən “Sultan körpüsü”
 
Tovuzun ən böyük kəndlərindən olan Yekallardan bir neçə kilometr aralıda kəndin ən məşhur tarixi abidəsi olan Sultan körpüsü yerləşir. 
 
Körpü Axınca çayı üzərində salınıb və işlək vəziyyətdə qalan tək tarixi abidədir. Məlumata görə, keçmiş zamanlarda sultan bu körpünü hind ustalarına tikdirib. Yerli əhali körpünün inşasında qoyun südü və yumurtadan istifadə edildiyi bildirir. 
 
Yüz illərdir ki, iti sürətlə axan çayın qarşısında tab gətirməyi də bununla əlaqələndirirlər. Bu ərazinin həm də göz oxşayan mənzərəsi var. Tovuzda olarkən Sultan körpüsünə baş çəksəniz tarixlə yanaşı, Axınca çayının gözəlliyi, buradakı kanyon sizi heyran edəcək.
 
Əhəng daşından abidə
 
Kirzan (Hunan) kəndindəki XII yüzil məbədinin bu gün yalnız qalıqları mövcuddur. Yerli önəm daşıyan memarlıq abidəsi olan ikimərtəbəli yaşayış evi 1880-ci ilə aiddir. Yerli əhəng daşından inşa olunmuş abidənin texniki durumu qənaətbəxşdir.
 
İmam Əlinin qılıncından parçalanan dağ
 
Bu bölgəni səyahət edərkən marağınıza səbəb olacaq yerlərdən biri də Haçaqaya qayasıdır.
 
Tovuzla Gədəbəy arasında yerləşən Haçaqayaya Xınna dərəsindən qalxan yol Keşkənd yolu ilə çox sərt yamacdan keçir. Buraya nisbətən daha rahat yolla Gədəbəyin Slavyanka kəndi ərazisindən getmək mümkündür.  Ərazi 2200 metr yüksəklikdə yerləşir. Bu yer Qərb bölgəsinin ən böyük ziyarətgahıdır.
 
Haçaqaya təbiət hadisəsidir. Dağ sanki iki yerə bölünüb. Təbiət abidəsi olan Haçaqaya möcüzə hesab edilir.  Bura ilə bağlı əfsanə də var. Əfsanəyə görə, qayanı Həzrəti Əli qılıncı ilə parçalayıb, daha sonra burada namaz qılıb və Allaha dua edib. O vaxtdan yerin adı Haçaqaya qalıb. Buraya ziyarətə gələnlər qayadan parça götürər, ruzi olsun deyə evlərinə apararlar.
 
Qayanın üstünə çıxıb oradan yarığın içinə girmək 400 pilləlik xüsusi pilləkənlər vasitəsilə mümkündür.  Qaya divarlarının arasından yay- qış həmişə su damcılayır. Qılıncın zərbəsindən ağlamağa başlayan qayanın gözyaşı olduğuna inanırlar.
 
Zəngin təbiət 
 
Tovuzun zəngin təbiəti, flora və faunası, meşəsi, çayları var. Rayon dağlar qoynunda yerləşir. Alp çəmənlikləri, subalp çəmənlikləri talalarda və düzənliklərdə biri-birini əvəzləyir, sıxlığı ilə insanı vahimələndirən keçilməz meşə zonaları insanı heyrətə gətirir.
 
Rayon ərazisindən Kür, Axınca, Tovuz, Zəyəm və digər çaylar axır. Tovuz ərazisində Ağdərə, Axınca dərəsi, Əsrik dərəsi və  Xınna dərəsi adlı dörd vadi var. 
 
Tovuzun gözəlliklərindən biri də onun bumbuz bulaqlarıdır. Hər addımbaşı bu bulaqlara rast gəlmək mümkündür. Hər bir bulağın öz adı, hər bir bulaq suyunun öz dadı-tamı var. Təkcə Əsrikdə 36 bulaq var. Hər bulağın ətrafında isə bir istirahət mərkəzi salınıb.   
 
Ceyrançöl
 
Tovuzun dağlıq ərazisi ilə yanaşı, düzənliyi də var. Rayon ərazisinin şimal hissəsində, Kür çayının sol sahilində heyvandarlıq (xüsusən də, qış heyvandarlığı) üçün olduqca əlverişli olan  Ceyrançöl qışlağı yerləşir.
 
Rayonun Ceyrançöl hissəsinə aid olan Qarayazı qoruğunda nadir bitki hesab olunan Eldar şamı qorunur.
 
Hazırda qışlaq yeri olan Ceyrançöl, adından göründüyü kimi, vaxtilə ceyran sürülərinin məskəni olub. Əvvəllər burada bir neçə ceyran, maral növü olub. 
 
Ləziz “qurutlu xəngəl”
 
Azərbaycanın hər bölgəsində olduğu kimi, Tovuz rayonunun da özünün spesifik yemək növləri var. Belə yemək növlərinə əsasən, xəmir yeməkləri, dənli bitkilər və göyərti (pencər), kartof mənşəli yeməklər daxildir.
 
Tovuz süzmə xəngəlin, qurutlu xəngəlin vətəni sayılır, ona görə də Tovuza gedəndə oranın məşhur qurutlu xəngəlinin dadına baxmamaq günahdır. Tovuz xəngəlinin dadını, yəqin ki, uzun müddət unutmayacaqsınız.  Tovuzlular xəngəli bəzən kartofla da süfrəyə verirlər. 
 
Tovuz təkcə xəngəllə məşhur deyil
 
Elə yeməklər də var ki, məhz Tovuzda daha çox bişirilir və istifadə edilir. Fəsəli, qatlama, körəməz, əriştə (əriştəli yeməklər), müxtəlif növ pencərlərdən hazırlanan yeməklər – ispanaq, unnuca, qazayağı, şomu, cincilim və sair.
 
“Aranı aran, dağı dağ olan” gözəl bölgələrindən olan Tovuzu görmək mütləq lazımdır
 
Əslən Tovuzdan olan və elə bu rayondan millət vəkili seçilən Qənirə Paşayeva da Tovuza gəlməyi hamıya məsləhət görür. 
 
“Kiçik Qafqazın (Tovuzlular demiş), “aranı aran, dağı dağ olan” gözəl bölgələrindən olan Tovuzu görmək mütləq lazımdır. Rəhmətlik Cabir Novruzun sözü ilə desək,  “bulaq suyu, dağ havası” istəyən Tovuza gəlsin. Tovuzda doğulmuş şairlərdən rəhmətlik Rasim Kərimli yazırdı:
 
Bilmirəm, adını kim necə yazdı,
Tovuzun mənası Doqquz Oğuzdu.
Yaxşıya yaxşıdır, yamana bozdur,
Eylərəm hamıya bəyan görərsən”
 
Qənirə xanım ümummilli liderimiz Heydər Əliyevin Tovuz barədə dediklərini də xatırladır: “Tovuzun gözəl təbiəti, qiymətli sərvətləri vardır. Ən qiymətli sərvəti isə onun əməksevər insanlarıdır”. 
 
Q.Paşayeva qeyd edib ki, Tovuzun turizm imkanlarını, necə deyərlər, Tovuz turziminin üfüqünü, yerli turizm sektoru çalışanlarının işə yanaşma fəlsəfəsini məhz bu sözlər işığında aydınlatmaq olar. 
 
Millət vəkili rayonun tarixi və mədəni abidələr baxımından zəngin olduğunu qeyd edib. 
 
“Tovuz rayonunun ərazisində ən azı 64 tarixi-mədəni, arxeoloji abidənin olması rəsmən təsdiqlənib. Onlardan 18-i ölkə (2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət örnəyi) önəmli olmaqla dövlət tərəfindən mühafizə edilir.
 
Ölkə önəmli memarlıq abidələrinə - Göytəpə Qədim Yaşayış Məskənini, Düzqırıqlı kəndində XIX yüzilə aid Hacı Bağır Məscidini, Yanıqlı kəndində qədim tarixi məscidini, Kirzan məbədini misal göstərmək olar”.
 
Silsilə dağlar, caylar və meşələrlə əhatə edilmiş füsunkarlığı ilə seçilən Tovuza gələnlərin buranı seçdiklərinə görə peşman olmayacaqlarını xüsusilə vurğulayan millət vəkili,  havası, suyu, bitki örtüyü, heyvanlar aləmi və ən əsası mehriban, qonaqpərvər insanları bura bir dəfə gələnin bir də qayıdacağına əmindir.  
 
Beləcə, biz qısaca Tovuz ilə bağlı marağınıza səbəb olacağını düşündüyümüz məlumatları verdik. Hansı nəqliyyat növü ilə gedəcəyiniz, hansı yerlərdə gecələyəcəyiniz isə sizin seçiminizə qalır. 
 
Hər birinizə xoş istirahətlər arzulayırıq.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.