70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb - Açıqlama
25 may, 2015 15:30
Ertv.Az-ın “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət MəmmədovMəhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Nazir bildirib ki, aşkar edilmiş korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib:
“Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilib. Çoxmərhələli imtahan və müsahibələrdən, habelə uzunmüddətli kurs və təcrübədən ibarət olan seçim proseduru müstəqil qurum - Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir”, - deyə ədliyyə naziri vurğulayıb.
Fikrət Məmmədov deyib ki, keçirilən müsabiqələrdə iştirak etmiş 2600-dən çox hüquqşünasdan 307 nəfər seçilərək hakim vəzifəsinə təyin edilib:
“Faktiki olaraq, Ali Məhkəmə hakimlərinin sayı 2005-ci illə müqayisədə 50 faiz, apelyasiya instansiyası və Bakı şəhərinin rayon məhkəməsi hakimlərinin sayı isə iki dəfədən çox artırılıb. Hazırda hakim korpusunun 60 faizə qədərini, o cümlədən Bakı şəhəri üzrə 90 faizini yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edir.
Görülən ardıcıl tədbirlərin və insanların etimadının nəticəsidir ki, məhkəmələrə daxil olan iddiaların sayı ilbəil, o cümlədən 2000-ci illə müqayisədə 10 dəfəyədək artıb. Təkcə 2014-cü ildə isə mülki xarakterli işlərin sayı 40 faiz artaraq 250 mini ötüb”.