Ertv.Az “Posta” qəzetinə istinadən xəbər verir ki, Manisa vilayətinin Soma qəsəbə müftiliyində şöbə müdiri olan H.Ö.-nün məscidlərdəkı xalı, kilim, qədim əlyazmaları və bəzi tarixi əsərləri sataraq özünə “Mersedes” markalı maşın aldığına dair iddia irəli sürülüb.
Dini qurumda vəzifə tutan həmin şəxsin bu əməli haqqında yayılan xəbər yerli əhalini bərk qəzəbləndirib. Bundan narahat olan şöbə müdiri “Mersedes”i sataraq, əvəzində “Ford” markalı maşın alıb.
Bununla bağlı Türkiyə parlamentinə göndərilən şikayət məktubunda qeyd olunub ki, dini qurumun şöbə müdiri məscid imamları ilə söhbətlərində qədim xalçaların “istifadəsiz” qalmaması üçün onları 2-3 min lirəyə satmağın vacibliyini deyib.
Məscid imamları isə tövsiyəsinə əməl edərək, əllərindəki tarixi dəyəri olan xalı və başqa qiymətli əşyaları ona gətiriblər.
Məsələnin böyüdüyünü və bu hadisəyə görə narazılığın artdığını nəzərə alan Türkiyənin Dini İşlər Nazirliyi vilayətə xüsusi müfəttiş göndərib.
Onun təhqiqatdan sonra təqdim etdiyi hesabatın ardınca isə nazirlik Somaya daha bir müfəttiş ezam edib.