Azərbaycanda turizm: Quba haqqında hər şey - otellər, qiymətlər, görməli yerlər
26 may, 2015 15:20
Bu yazılarda həmin bölgə haqqında oxuculara maraqlı olacağını düşündüyümüz bütün məlumatları çatdırırıq.
Bu dəfəki səfərimiz isə şimal bölgəsinə, daha dəqiqi sıx meşəli Qəçreşi, Vəlvələ çayın keçdiyi Təngaltı dərəsi, Azərbaycanın təbii abidələrinə daxil edilmiş məşhur Afurca şəlaləsi, 2500 m yüksəklikdə yerləşən unikal Xınalıq kəndi və ağ alması ilə dillər əzbəri olan Qubayadır.
Necə getmək olar?
Quba Bakıdan 168 km məsafədə yerləşir. Bura istirahətə getmək üçün həm şəxsi avtomobildən, həm taksidən, həm avtobusdan istifadə etmək mümkündür. Maşınla Qubaya Bakıdan 2 saata, avtobusla isə 3 saata çatmaq olar.
Hər gün Bakı Beynəlxalq Avtovağzalından Bakı-Quba istiqamətində səhər saat 7:00-dan 17:00-dək hər yarım saatdan avtobuslar yola düşür. Avtobusda bir yerin qiyməti 3 manat təşkil edir.
Müxtəlif turizm şirkətləri də Qubaya bir günlük turlar təşkil edirlər.
Otellər
Qubanın paytaxta yaxın məsafədə yerləşməsi, füsunkar gözəlliyi, ölkənin əsas istirahət bölgələrindən birinə çevrilməsi burada çoxlu sayda turizm-istirahət komplekslərinin tikilməsini şərtləndirib. Burada cibinizə uyğun gecələmək üçün yer tapa bilərsiniz.
Burada fərdi evlərdən, koteclərdən tutmuş ən yüksək xidmət təklif edən beşulduz otellərə qədər tapmaq mümkündür.
Buradakı məşhur otellərdə bir gecəlik qiymətlər 50 manatdan 170 manatadək dəyişir. Burada iki və üçulduz otellərdə isə daha ucuz qiymətlər təklif edilir.
Özəl evlərdə qalmaq isə qidasız bir nəfər üçün təxminən günü 20 manata təklif olunur.
Görməli yerlər: Qəçreş
İstidən qaçıb bir neçə saatlıq təbiət qoynunda istirahət etmək istəyənlərə Qəçreş yaxşı tanışdır. Sıx meşəli bu yer insanın bütün yorğunluğunu çıxarır. Hər tərəfi meşə olan bu yerdə çoxlu sayda təbii bulaqlar var. Bitki aləminə gəldikdə isə zəngin olduğunu demək olar. Meşədə yabanı halda, qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil, kimi meyvəsi olan ağaclar var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlara da sıx-sıx rast gəlinir.
Təngəaltı dərəsi
Coşqun axan Vəlvələ çayının keçdiyi Təngəaltı dərəsi Qubanın xüsusi gözəlliklərindəndir. Təngəaltında hava yayın ən qızmar vaxtında da sərin olur. Ona görə də bura hər yay istidən qaçıb sərinləmək istəyənlərlə dolu olur.
Afurca şəlaləsi
“Azərbaycanın təbii abidələri” siyahısına daxil edilmiş məşhur Afurca şəlaləsi də Qubada yerləşir. Şəlalə Vəlvələçayın üzərində, çayın Təngə dağından axan hissəsindədir. Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən təbiət hadisəsidir.
Afurca sözünu tədqiqatçılar belə izah edirlər: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünun qismən təhrif olunmuş formasıdır. Toponim a (ab) “su”, fur/for “Aşağı” və ca (castən) “sıçramaq” sözlərindən düzəlib, “su Aşağı sıçrayan” (tökülən) yer, Şəlalə deməkdir.
Azərbaycanın ən yüksək dağ kəndi - Xınalıq
Qəçreşə gedən yolla Azərbaycanın ən hündür dağ kəndi Xınalığa getmək olar. Xınalıq Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsiləsi arasındakı çökəklikdə dəniz səviyyəsindən 2500 m yüksəklikdə yerləşir. Kənd Quba şəhərindən 57 km cənub-qərbdə, Bakıdan isə 225 km məsafədədir.
Xınalıq adı kəndin qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilib. Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini “Kətş xalqı”, kəndlərini isə “Kətiş” adlandırırlar. Bu da çox sayda “Kətid”lərin yaşadığı yer mənasını verir. Bu sözlərin mənası “müqəddəs” deməkdir.
Kəndin əhalisini özünə məxsus dili olan ayrıca etnoqrafik qrup təşkil edir. Əhali özlərini Nuh peyğəmbərin nəslindən hesab edirlər.
Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi eyniadlı dağlarda yerləşirdi. Sonradan baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb.
Əhalinin çoxu da həlak olub. Sağ qalanlar isə çayı keçərək kiçik bir təpəyə qalxıblar və beləliklə Xınalıq yaranıb. Onlar hesab edirıər ki, tufandan sonra Nuhun oğulları Sam və Ham müxtəlif yerlərə köçüb və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalıb və buradan da Qafqaz xalqları törənib.
Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərirlər. Xınalıqlıların qədim yunan alimi Strabonun “Coğrafiya” əsərində göstərdiyi hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir.
Qubanın ağ alması
Quba çoxdan bəri onun simvoluna çevrilmiş, adına mahnılar yazılan almaları ilə məşhurdur. Qubalılar iddia edir ki, burada 40-dan çox alma növü yetişir.
Quba xalçaları
Quba həmçinin xalçaçılığın tanınmış mərkəzidir. Yerli sakinlər əmindir ki, Çiçi, Ağ gül, Pirəbədil adlı Quba xalçaları Azərbaycanda ən yaxşı xalçalardır.
Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. Bu zonada toxunan “ÇİÇİ”, “SIRT ÇİÇİ”, “QIMIL”, “CİMİ”, “YERFİ” xalçaları dünyanın bir sıra müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Tarixi abidələr
Quba zəngin təbiəti ilə yanaşı, qədim tarixi, çoxsaylı memarlıq abidələri ilə də məşhurdur. Şəhər ətrafında çoxlu sayda memarlıq abidələri: Cümə məscidi, XVI əsrə aid məqbərə, Səkinə xanım məscidi, qədim hamamlar hələ də qalmaqdadır.
Şəhərdə tarix muzeyi, XIX əsrin maarifçi, yazıçı və ictimai xadimi olan A.Bakıxanovun ev-muzeyi var.
Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur.
Quba Soyqırımı Memorial Kompleksi
Qubaya səyahət edərkən Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməyi unutmayın. Bu kompleks 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbyacan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlıların xatirəsinə ucaldılıb. Kompleks 2013-cü il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb.
Quba rayonundan seçilmiş millət vəkili Vahid Əhmədov da Qubanın turizm zonası kimi daha çox maraq doğuran yerlərdən olduğunu bildirir.
O qeyd edir ki, burada gözəl otellər, istirahət zonaları yaradılıb:
“Qubada koteclərdən tutmuş beş ulduz otellərə qədər tapmaq mümkündür. Quba elə yerdir ki, orada meşəlik, dağlıq həddindən artıq çoxdur. Gözəl təbiəti var. Quba Bakıya yaxındır və yollar da çox rahatdır, burada istirahət üçün hər cür şərait də var. Qidası çox təmizdir.
Qubada gözəl tarixi abidələr var. Soyqırımı qurbanlarına xatirə kompleksi tikilib. Bütün turistlər oranı ziyarət edərək bir daha erməni soyqırımın, ermənilərin vəhşiliklərinin şahidi olurlar. Rayonda Mədəniyyət evi, Yaşıl teatr da var ki, burada da müəyyən tədbirlər keçirilir. Qubada xalqlar da çoxdur. Onlar çox mehriban yaşayırlar”.