Ertv.Az xəbər verir ki, badminton 1992-ci ildən Olimpiya idman növü hesab olunur.
İdman növünün tarixi
Badminton adı İngiltərənin Badminton şəhərinin adından götürülüb. Qədim Malayyada yaranıb, sonralar Asiyanın başqa ölkələrinə yayılıb. İlk dəfə 1872-ci ildə ildə İngiltərəiin Badminton şəhərində Hindistandan qayıtmış ingilislər tərəfindən nümayiş etdirilib.
Oyunun qaydaları
Badminton oyunu tor ilə iki hissəyə bölünmüş düzbucaqlı meydançada keçirilir. Torun hündürlüyü 1,55 m olur. Meydançanın ölçüləri qoşa oynayanlar üçün 13,4 m x 6,1 m, tək-tək oynayanlar üçünsə 13,4 m x 5,2 m-dir.
Badminton üzərinə dəri çəkilmiş və taç şəkilli lələklərə malik, kütləsi 4,5 - 7,0 qram olan probka top və kütləsi 135 - 190 qram olan tennis tipli raketka ilə oynanılır.
Oyunda məqsəd valanı meydançanın rəqibə aid hissəsinə salmaq, öz sahəsinə düşməyə imkan verməməkdir. Badminton oyunu 3, yaxud 5 hissədən ibarət olur (hər hissənin hesabı 15 xal qazanılanadək davam edir). Badminton qoşa və tək-tək oynanılır. Qaydalarının sadəliyinə, kiçik meydançada, çəmənlik və çimərliklərdə oynamaq imkanı olduğuna görə müasir badminton ən kütləvi idman oyunlarından birinə çevrilmişdir.
Sıfır hesabında və çüt ədədli xallarda valan sağdan çəpinə, tək ədədli xallarda isə soldan şaquli istiqamətdə ötürülür. Qoşa oyunlarda valanı birinci olaraq sağdakı idmançı oyuna daxil edir, hər qazanılan xaldan sonra oyunçular yerlərini dəyişir.
Yarışların təşkili
Badmintonnun inkişafına və yarışların təşkilinə Beynəlxalq Badminton Federasiyası rəhbərlik edir. Üç ildən bir kişilər arasında “Tomas kuboku”, qadınlar arasında isə “Uber kuboku” uğrunda beynəlxalq miqyaslı badminton yarışları keçirilir. Hər il Uimbldon şəhərində İngiltərə birinciliyi uğrunda açıq badminton yarışları təşkil edilir.
Badminton “Bakı 2015”də
Avropa Oyunları zamanı badminton yarışları Bakı İdman Zalında keçiriləcək. 7 gün ərzində keçiriləcək yarışlarda kişi və qadın idmançılar təkbətək, cütlük şəklində və qarışıq cütlük şəklində mübarizə aparacaqlar.
22 iyunda başlayacq yarışda təxminən 160 idmançı 1700 tamaşaçı qarşısında qızıl medal uğrunda mübarizə aparacaq.
“Bakı 2015” haqqında
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminnən 6000 idmançının iştirakı gözlənilir.
2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Birinci Avropa Oyunlarının keçirilməsini Bakı şəhərinə həvalə edib.