“Azərbaycan Dəmir Yolları” QSC-dən Ertv.Az-a verilən məlumata görə, zavodla tanışlıq zamanı “Stadler Rail Group” şirkətinin baş direktoru Peter Şpuler müəssisənin fəaliyyəti haqqında məlumat verib.
O bildirib ki, “Stadler Minsk” zavodu MDB məkanında mövcud olan genişzolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. İllik istehsal gücü 120 vaqondur. Artıq zavodda “Aeroekspress” dəmir yolu operatoru üçün 25 ikimərtəbəli qatar istehsal olunub. İlk belə ekspress qatar bu yaxınlarda Moskvada xəttə buraxılıb. “Stadler Minsk” zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunacaq.
Sonra C.Qurbanov “Stadler Minsk” zavodunda Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirib.
Mayın 24-də KİSS markalı 2 ikimərtəbəli elektrik qatarı yola salınacaq, iyunun 2-də Azərbaycana çatacaq.
Qeyd edək ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir danışıqlar aparılır. Bu il mayın 13-də Bakıda keçirilən “TransCaspian-2015” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalanıb.