Argentinanın Azərbaycandakı səfiri Musiqili Teatrda olub
20 may, 2015 19:33
Ertv.Az xəbər verir ki, forum çərçivəsində paytaxtımıza gələn mötəbər qonaqlar ölkəmizin mədəniyyət ocaqlarına da baş çəkir, paytaxtın mədəni həyatı ilə daha yaxından tanış olurlar.
Ötən gün Argentinanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva və Argentinanın Mədəniyyət Nazirliyinin Yaradıcılıq və İctimai Mədəniyyət Məsələləri üzrə Katib müavini, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı xanım Maria Elena Troncoso Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Qonaqları teatrın direktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və Argentinaya dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı ilə bağlı məsələlərə toxunulub.
Sonra qonaqlar Musiqili Teatrın binası ilə – ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şəraitlə tanış olub, rejissor və aktyor heyyəti ilə görüşüblər.
Cənab səfir Karlos Dante Riva Əliqismət Lalayevə teatrda yaradılmış şəraitin və peşəkar yaradıcı münasibətin çox yüksək səviyyədə olduğunu bildirib.