Ertv.Az xəbər verir ki, Samuxun giriş qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar.
Avropa Oyunlarının rəmzi qapısında sərbəst güləş üzrə Azərbaycan çempionu Anar Cəlilov məşəli qəbul etdi.
On məşəlçi Oyunların rəmzi qapısından yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət edərək Heydər Əliyev parkının qarşısına gəldilər.
Sonra kikboksinq üzrə dördqat dünya çempionu Elnur Salamov səhnədə birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. “Bakı-2015”-in çırağı yandırılaraq, Oyunlar başa çatanadək saxlanılması üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verildi.