Ertv.Az xəbər verir ki, Zərdab rayon mərkəzində yerli sakinlərin izdihamı və gurultulu alqış sədaları ilə iqtisadçı Bəxtiyar Nurəliyevin başladığı məşəl yürüşü “Azərbaycan” küçəsindən start götürməklə, R.Kərimov küçəsində davam etdi.
Zərdabi küçəsindən sonra Heydər Əliyev parkının tağından keçən məşəl yürüşü 3,53 km məsafəni əhatə etdi.
Azərbaycanın görkəmli ziyalısı, Azərbaycan mətbuatının banisi, "Əkinçi"nin naşiri Həsən bəy Zərdabinin vətənində, əlbəttə, ki, məşəl onun ev-muzeyində də olmalı idi. Bu xüsusda muzeydə keçirilən görüşdə estafet iştirakçılarına böyük maarifçi haqqında məlumat verildi, burada xatirə şəkilləri çəkdirildi.
Sonuncu məşəlçi karatenin WKC versiyası üzrə dünya və ikiqat Avropa çempionu, qara kəmər sahibi Nərmin Camalzadə məşəllə Heydər Əliyev parkında quraşdırılmış səhnəyə qalxdı və Avropa Oyunlarının daha bir çırağını alovlandırdı.
Qarşılanma mərasimində Atəşgah məbədində ilk məşəlin alovlandırılması haqqında qısa film nümayiş etdirildi.
Daha sonra məşəl Tərtərə yollandı. Aşıq musiqisi sədaları altında orta məktəb müəllimi Rasif Abbasovun başlatdığı estafet Heydər Əliyev prospekti boyunca 4,16 km yol qət etdi.
Təntənəli mərasim üçün xüsusi hazırlanmış meydanda keçirilən salamlama mərasimində Atəşgah məbədində ilk məşəlin alovlandırılması haqqında videoçarx maraqla izləndi. Səmaya sülh göyərçinləri, rəngli şarlar buraxıldı. Avropa Oyunlarının canlı rəmzləri də rayon əhalisinin diqqət mərkəzində idi.
Qeyd edək ki, məşəl estafeti sabah, mayın 13-də əvvəlcə Yevlaxa istiqamət götürəcək, axşam saatlarında isə Bərdədə möhtəşəm alov festivalı ilə qarşılanacaq.