Avropa Oyunları: Heydər Əliyev adına İdman Arenası haqqında pasport
12 may, 2015 21:39
12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək Avropa Oyunlarında idman yarışlarının baş tutacağı məkanlardan biri də Heydər Əliyev adına İdman arenasıdır.
Arena haqqında məlumat
İnşasına 1977-ci ildə başlanan bu idman qurğusu 1990-cı ildə istifadəyə verilib və müxtəlif idman növləri üzrə 30-dan çox beynəlxalq yarışlara ev sahibliyi edib.
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən 2004-cü ilin mart ayında İdman-Konsert Kompleksinə Heydər Əliyevin adı verilib.
Gənclər və İdman Nazirliyinin qərarı ilə Heydər Əliyev adına İdman Arenası 2009-cu ilin yekunlarına görə ilin ən yaxşı idman qurğusu elan edilib.
Təmirdən sonrakı vəziyyət
Avropa Oyunları ilə əlaqədar aparılan təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənib. Tac şəkilli olan fasad xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadı bədii tərtibatda işıqlandırmaq üçün müxtəlif rəngdə xüsusi lampalar və projektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb.
Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb.
Sarayın ümumi tamaşaçı tutumu təmirdən əvvəl 7587 nəfər idisə, indi bu rəqəm 7830-a çatdırılıb. Burada, eyni zamanda, VIP tamaşaçılar üçün 126, fiziki imkanları məhdud tamaşaçılar üçün isə 30 oturacaq quraşdırılıb. İdman obyektinin yarış zalları, mətbuat işçiləri üçün sahələr, yüksək səviyyəli qonaqlar üçün VIP otaqlar, yarışların gedişinin canlı teleyayımının təşkili mərkəzi ən müasir səviyyədə yaradılıb.
Əsaslı təmir işlərinin layihəsinin hazırlanması və icrasına xarici şirkətlərlə yanaşı, yerli şirkətlər və mütəxəssislər də cəlb olunub. Ümumi sahəsi 54,8 min kvadratmetr olan binada aparılan əsaslı təmir işləri zamanı daxili kommunikasiya, havalandırma sistemləri yenidən qurulub, zalların döşəməsinə idman təyinatlı xüsusi örtük vurulub.
Arenada olan imkanlar
İdman Sarayının məşq zalı ən müasir səviyyədə qurulub. Burada püşkatma, dopinq yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları və kafe, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar var. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, könüllülər üçün 350 nəfərlik zal və kafe də yaradılıb.
Arenada təhlükəsizlik tədbirləri görülüb
İdman qurğusunda təhlükəsizliyin təmin olunması məqsədilə müşahidə kameraları və zalların işıqlandırılması üçün 222 müasir projektor quraşdırılıb. Bina genişzolaqlı internet, müasir akustika sistemləri, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator elektrik sistemləri ilə təchiz edilib.
Layiqli qiymət
Belə müasir idman komplekslərinin istifadəyə verilməsi bir daha sübut edir ki, “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizdə qarşıya qoyulan bütün hədəflərə qısa zamanda, həm də keyfiyyətlə nail olunub. Azərbaycanda idman qurğularının ən yüksək səviyyədə yenidən qurulması və müasir idman obyektlərinin inşası beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir.
Bütün bu reallıqlar və ilk Avropa Oyunları ilə bağlı ölkəmizdə görülən işlər Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının düzgün olduğunu bir daha nümayiş etdirir. Belə mühüm beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirməklə Azərbaycan həm də növbəti Avropa Oyunlarının standartını müəyyən edəcək.
“Bakı 2015”də arenada keçiriləcək yarışlar
Əsas zal və korpuslardan ibarət olan İdman Sarayında 1-ci Avropa Oyunları zamanı yunan-Roma və sərbəst güləş, həmçinin cüdo və sambo üzrə yarışlarda qadınlar və kişilər qüvvələrini sınayacaqlar.
Bu arenada 13-18 iyun tarixlərində güləş, 25-28 iyun tarixlərində isə cüdo yarışları baş tutacaq. Cüdo üzrə 366, güləş üzrə isə 400 idmançı mübarizə aparacaq.
“Bakı 2015” haqqında
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək.
Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminnən 6000 idmançının iştirakı gözlənilir.
2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Birinci Avropa Oyunlarının keçirilməsini Bakı şəhərinə həvalə edib.