“Bakı 2015”: triatlon idmanı haqqında pasport
06 may, 2015 11:16
Triatlon özündə üç idman növünü – üzgüçülük, velosiped və qaçışı birləşdirir.
Triatlonun dünyada ən tez yayılan və həyəcanverici idman növlərindən biri olması üçün tutarlı səbəb var. Belə ki, digər idman növləri triatlon qədər müxtəlifliyi təqdim edə bilmir.
Bu idman yarışında idmançılar ilk öncə çətin dəf olunan sudan üzüb çıxmalı, sonra bir qədər velosiped sürməli və daha sonra qaçaraq yarışı başa vurmalıdırlar.
Triatlonun yaranma tarixi
Məlumat üçün bildirək ki, ilk dəfə triatlon yarışları 1974-cü ildə Amerikanın San Dieqo şəhərində keçirilib. Bu yarışlar standart trek təlimlərinə alternativ olaraq yerli trek və sahə klubları tərəfindən təşkil olunmuşdu. Həmin yarışda 50-dən az idmançı iştirak etmişdi. Lakin o kiçik başlanğıcdan sonra ötən 40 il ərzində bu idman növü çox geniş yayıldı.
Hazırda bu idman yarışı ilə bağlı müəyyən edilmiş standart məsafələr üzmək üçün 1,5 km, velosiped sürmək üçün 40 km və qaçış üçün 10 km-dir.
“Bakı 2015” Avropa Oyunlarında triatlon yarışı iyunun 13-də qadınlar arasında, iyunun 14-də isə kişilər arasında keçiriləcək. Hər iki yarışda 65 idmançı qızıl medal uğrunda bir-birilə mübarizə aparacaq. Hər bir yarışın qalibi “Rio 2016” Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak üçün öz Milli Olimpiya Komitəsinin kvalifikasiya şəhadətnaməsini əldə edəcək.
Triatlon oyunları rəqəmlərlə
Triatlon öz olimpiya başlanğıcını 2000-ci ildə Sidneydə keçirilmiş Olimpiya Oyunlarında yarım milyondan çox insanın yarışları izləmək üçün küçələrə axışdığı bir vaxtda edib.
Triatlon yarışının üç elementi arasında sərf olunan vaxt idmançının uğurunu müəyyənləşdirən əsas amildir. Velosipedlərini götürməyə və ya qaçış ayaqqabılarını geymək üçün idmançının sərf etdiyi vaxt qızıl və ya gümüş medal arasındakı fərqə bərabər ola bilər.
Kişilər arasında yarışmada ən yaxşı idmançı 1 saat 50 dəqiqəyə, qadınlar arasında isə yüksək dərəcəli triatlonçular yarışı adətən 2 saata başa vururlar.
2012-ci il London Olimpiya Oyunlarında 6 mümkün medaldan 5-ni Avropalı idmançılar qazandı.
Yarışların keçiriləcəyi məkan
“Bakı 2015”də triatlon yarışlarının keçiriləcəyi “Bilgəh Çimərliyi” idman obyekti Bakıdan avtomobillə 30 dəqiqəlik məsafədə, Amburan Çimərlik Klubunun şimalında, Zaqulba şossesinin yaxınlığında yerləşir.
Burada triatlon yarışı və şosse velosipedi üzrə zamana qarşı yarış keçiriləcək. Tamaşaçılar Bilgəh Çimərliyinə ən yaxın metro stansiyasından (Koroğlu) hərəkət edən avtobuslarla yarış obyektinə gedə bilərlər.
Yarış zamanı bu obyekt triatlon yarışı və şosse velosipedi idmanı üzrə zamana qarşı yarışın hər ikisi üçün 500 tamaşaçı tutumuna malik olacaq.
Triatlon yarışları 13-14 iyun tarixlərində, şosse velosipedi idmanı üzrə zamana qarşı yarışlar 18 iyun tarixində keçiriləcək.