Ertv.Az Doğan Xəbər Agentliyinə (DHA) istinadən xəbər verir ki, Türkiyə Triatlon Federasiyasının rəhbəri Hamdi Günəş “Bakı 2015” hazrılığın yüksək səviyyədə keçdiyini bildirib.
O deyib ki, 12-28 iyunda Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarında Türkiyə triatlonçularından yaxşı nəticə gözləyir:
“Türkiyə triathlon millisinin Avropa Oyunlarında yer alması bu idmanın ölkəmizdə inkişafının nümunəsidir. Gənclərin yer aldığı millimizin gələcək illərdə daha çox uğur əldə edəcəyinə inanıram. Hazırda 7 həftəlik hazırlıq mərhələsinə start vermişik və hazırlıqlar yaxşı gedir”, - deyə H.Günəş söyləyib.
Qeyd edək ki, Türkiyə triathlon millisində 20 yaşlı İpek Öztosun, 22 yaşlı Ece Bakıcı və 23 yaşlı Yunus Şomburq yer alır.
Məlumat üçün bildirək ki, üzgüçülük, velosiped və qaçış idman növlərini özündə birləşdirən triathlon idman növü üzrə yarışlar 13-14 iyunda Bilgəhdə yerləşən arenada keçiriləcək.