Asiya İnkişaf Bankı “Azərişıq” ASC-yə 750 milyon dollar kredit verəcək
05 may, 2015 14:17
Ertv.Az xəbər verir ki, imzalanma Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində baş tutub.
Memorandumu Azərbaycan maliyyə naziri Samir Şərifov, “Azərişıq”Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev və AİB-in vitse-prezidenti Venchay Jang imzalayıb.
Memorandum respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, eləcə də enerji paylanmasının təkmilləşdirilməsi məqsədi ilə “Azərişıq” ASC-yə 750 milyon dollar məbləğində Çoxtranşlı Maliyyələşmə Mexanizmi çərçivəsində kreditin verilməsini nəzərdə tutur.
Anlaşma memorandumu Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında regionların elektrik enerjisi ilə dayanıqlı təminatına yönəlmiş tədbirlərin icrası üçün AİB-dən maliyyə vəsaitlərinin cəlb edilməsi üzrə danışıqların çərçivəsini özündə ehtiva edir.
Azərbaycan hökuməti ilə bank arasında aparılacaq danışıqların növbəti mərhələsində kredit müqaviləsi üzrə şərtlər müəyyən ediləcək.