Ertv.Az Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakı şəhərində keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək üçün Azərbaycana səfər edən Bankın prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə qlobal makroiqtisadi proseslər, onların Azərbaycan iqtisadiyyatına təsirləri barədə fikir mübadiləsi aparılmış, Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın bariz nümuməsi kimi Bankın Rəhbərlər Şurasının İllik Toplantısının Bakı şəhərində keçirilməsi məmnunluqla qeyd olunmuşdur. Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən Takehiko Nakao Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini, əhalinin rifah halının yüksəldiyinin şahidi olduqlarını ifadə etmişdir.Eyni, zamanda, etibarlı tərəfdaşlar kimiAİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrinin əhəmiyyəti qeyd olunmuş, bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edilmişdir.
Sonra AİB prezidenti Maliyyə Nazirliyinin muzeyi ilə tanış olmuş və xatirə kitabına ürək sözlərini yazmışdır.
Daha sonra AİB-nın Rəhbərlər Şurasının hazırki sədri Samir Şərifovvə bankın prezidentiTakehiko NakaoAİB-nın İllik Toplantısının keçiriləcəyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində Rəhbərlər Şurasının əsas iclasının, seminarların və panel müzakirələrin keçiriləcəyi sahələri, həmçinin mətbuat mərkəzini gəzərək son hazırlıq işlərinin gedişi ilə tanış olmuş, Qeydiyyat Mərkəzinə gələrək öz yaxa kartlarını götürmüşlər. AİB prezidenti ev sahibi kimi Azərbaycan hökuməti tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirmişdir.
“İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında 2-5 may tarixlərində keçiriləcək AİB-nın Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında 3000-nə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.