Ertv.Az xəbər verir ki, sözügedən komitənin sədri Ziyad Səmədzadə bildirib ki, ölkədə reklam fəaliyyətinin təkmilləşdirilməsinə böyük ehtiyac var.
“Çünki biz bunu hər gün hiss edirik. Reklamlar milli mənafeyimizə, milli maraqlarımıza, milli mentalitetimizə uyğun olmalı, həmçinin iqtisadiyyatımızın inkişafına öz töhfəsini verməlidir.
Hesab edirəm ki, artıq 3-cü oxunuşun müzakirəsinə çıxarılan “Reklam haqqında” yeni qanun bu istiqamətdə müsbətə doğru addım olacaq, o, öz müsbət töhfəsini verəcək”, - deyə, komitə sədri bildirib.
Qanun layihəsinin həmmüəllifi Vahid Əhmədov isə qeyd edib ki, ikinci oxunuşdan sonra bir sıra qurumlardan, o cümlədən Mədəniyyət və Turizm, Səhiyyə, İqtisadiyyat və Sənaye nazirliklərindən təkliflər alıblar.
“Biz həmin təkliflərdən qanun layihəsinin təkmilləşdirilməsində istifadə etmişik və hesab edirik ki, qanun layihəsi bütövlükdə qəbula hazırdır”, - deyə, V.Əhmədov sözlərinə əlavə edib.
Sözügedən komitənin üzvü Rüfət Quliyev öz növbəsində yenə də fermerlərlə, sahibkarlarla, həmçinin narkomaniyaya qarşı mübarizə, milli-hərbi vətənpərvərlik məsələləri ilə bağlı sosial reklamlara ehtiyac olduğunu deyib:
“Efirlərimizin 70-80 faizini şou xarakterli verilişlər, proqqramlar tutur. Millət şounun əlindən bezib. Ona görə sosial xarakterli verilişlərə, sosial, maarifləndirici reklamlara daha çox yer ayırmaq lazımdır, bunlara daha böyük ehtiyac var”.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.