Ertv.Az xəbər verir ki, təkcə Avropanın deyil, bütün dünyanın maraqla gözlədiyi İlk Avropa Oyunlarının start götürməsi üçün demək olar ki, bütün hazırlıqlar görülüb.
Qarşıdakı 50 gündə Azərbaycan təşkilatı məsələlərindəki hazırlıqlarını yekunlaşdıracaq və yarışa gələcək 49 ölkə isə heyətini tam formalaşdıracaq.
6000-dək idmançının 20 növ üzrə 253 dəst medal uğrunda mübarizəsi iyunun 12-dən 28-dək davam edəcək. Bununla, Avropa qitə oyunlarına malik Asiya, Amerika və Afrikaya çatacaq. İyunun 12-də planlaşdırılan açılış mərasimi rəmzi olaraq saat 20:15-də başlayacaq. Bu isə o deməkdi ki, hazırda starta 50 gün 11 saat qalıb.
Qeyd edək ki, bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakı-2015 Avropa Oyunlarının açılış mərasiminə 50 gün qalması münasibətilə tədbir təşkil edir. Tədbirdə BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycan Rəssamlıq Akademiyasının nümayəndəsi Azad Zeynalov, Bakı 2015-in uduz elçiləri və digər qonaqlar iştirak edirlər.
Fəvvarələr Meydanında keçirilən Tədbirdə Azərbaycanın və bir neçə xarici ölkələrin (Fransa, İtaliya, Almaniya və Latviya) tanınmış rəssamları Avropa Oyunlarının personajlarının və atributlarının rəsmlərini çəkiblər.