Türk ordusunun işğalçı qüvvələrə qarşı həlledici döyüşdə qələbəsinin 100 illiyini qeyd etmək üçün bu gün Türkiyəyə bir sıra dövlət başçıları səfər edəcəklər.
Zəfərin tarixçəsinə nəzər salaraq qeyd etmək lazımdır ki, I Dünya Müharibəsində Almaniya ilə ittifaqda olan Türkiyəni işğal etmək üçün 1915-ci il fevralın 19-da Fransa və Britaniyaya aid 16 döyüş gəmisindən ibarət nəhəng donanma Osmanlının sahil qüvvələrini bombalayaraq Çanaqqala boğazına doğru irəliləməyə başladı.
Lakin gecə yarısı “Nüsrət” adlı Osmanlı gəmisinin boğazın Asiya hissəsinə düzdüyü dəniz minaları onların yolunda ciddi maneəyə çevrildi. Ard-arda düşmənin üç döyüş gəmisi minalara toxunaraq darmadağın oldu, bir neçəsi isə ciddi xəsarət aldı. Gelibolu yarımadasına yerləşdirilən Osmanlı artilleriyası da düşməni göz açmağa qoymurdu.
İttifaq dövlətləri adaya ən böyük ordu hissələrini yeritdilər. Hücum iki cəbhədən, Seddülbahir və Arıburnu cəbhəsindən həyata keçirildi. Osmanlı ordusu say baxımından az, təchizat baxımından zəif olsa da, düşmənin bütün hücumları qəhrəmanlıqla dəf edildi.
Bu məqamda Geliboludakı döyüşlərdə komandan vəzifəsinə qədər yüksələn Mustafa Kamal Atatürk “Mən sizə düşmən üzərinə hücuma keçməyi deyil, ölməyi əmr edirəm” deyib.
İttifaq dövlətləri Çanaqqala boğazını keçə bilmədilər.
Osmanlı ordusu qətiyyətlə müqavimət göstərərək, sonra əks-hücuma keçdi və düşməni darmadağın etdi.
Bu möhtəşəm zəfərin əldə edilməsində Azərbaycan xalqının qəhrəman övladları da yaxından iştirak ediblər. Belə ki, Çanaqqala döyüşlərində Türk Ordusu 253 min şəhid verib. Tarixi mənbələrdən belə məlum olur ki, şəhid olanlar arasında 3 minədək azərbaycanlı könüllü də var idi.