Ukraynanı silsilə qətllər bürüyüb – Qərb yenə “görmür”
17 aprel, 2015 15:10
Son bir neçə gündə tanınmış siyasətçi və iki jurnalist qətlə yetirilib.
Regionlar partiyasından olan sabiq deputat Oleq Kalaşnikovun aprelin 15-də jurnalistlərə odlu silahla öldürülməsindən sonra sıra tanınmış jurnalistlərə çatıb.
Öncə “Obkom” internet nəşrinin (Donetsk) qurucularından biri, Ukraynanın bir sıra mətbu orqanları ilə əməkdaşlıq edən Sergey Suxobokun öldürülməsi xəbəri yayıldı.
Araşdırmalar zamanı məlum olub ki, S.Suxobok aprelin 12-dən 13-nə keçən gecə qətlə yetirilsə, bu barədə xəbər dünən üzə çıxıb.
Aprelin 16-da isə Kiyevdə daha bir tanınmış jurnalist – “Seqodnya” qəzetinin baş redaktoru Oles Buzına qətlə yetirilib.
Diqqət çəkən məqam bundan ibarətdir ki, qətlə yetirilmiş bu üç tanınmış şəxs Ukraynanın mövcud hakimiyyətinə qarşı kəskin mövqedə olublar.
Onların bir neçə gün ərzində ardıcıllıqla qətlə yetirilmələri Ukrayna hakimiyyətinin öz siyasi rəqibləri ilə “silahlı hesablaşması” kimi qiymətləndirilir.
Qeyd olunur ki, O.Kalaşnikovun Ukraynanın daxili işlər naziri, Bakı ermənisi Arsen Avakovla ciddi konflikti olub və onlar hətta bir dəfə canlı efirdə əlbəyaxa davaya çıxıblar.
Bu və digər detallar törədilmiş qətllərin arxasında Ukrayna siyasi hakimiyyətinin, ən azı müəyyən yüksək vəzifəli şəxslərin dayandığını söyləməyə əsas verir.
Nə qədər təəccüblü olsa da, başda ABŞ olmaqla, dünyaya “insan hüquqları və demokratiya dərsi keçən” Qərb ölkələri bu qətlləri görməzdən gələrək, özlərinin “ərköyün uşağı”na çevirdikləri Ukrayna hakimiyyətinə hər hansı irad bildirmirlər.