Bu barədə jurnalistlər üçün təşkil olunmuş press-turda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinin rəhbəriNəsimi Paşayev bildirib.
O qeyd edib ki, yeni qatarlar Bakı Metropoliteni ilə “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin səhmlərinin 25% -nin sahibi Fransanın “Alstom” şirkəti arasında bağlanmış müqavilə əsasında alınıb:
“Bu sənədə əsasən 5 vaqondan ibarət 3 qatar tərkibinin alınması nəzərdə tutulub”.
Onun sözlərinə görə, 3 qatar tərkibindən ikisi artıq Bakıya gətirilib, biri isə hazırda Astraxan şəhərindən Bakı istiqamətində yoldadır.
“Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir.
Əvvəlki nəsil qatarlardan fərqli olaraq yeni qatarların dartı mühərrükləri dəyişən cərəyanla ( 380V-la) işləyir. Əgər əvvəlki nəsil qatarların mühərrüklərinin gücü 114 kwt idisə, bu qatarların mühərrüklərinin gücü 170 kwt təşkil edir.
Köhnə vaqonların çəkisinə gəlincə, bu göstərici baş vaqon üçün 38 ton, aralıq vaqon üçün 36 ton təşkil edirdisə, yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34 ton, aralıq vaqonun çəkisi isə 29 tondur.
Yeni nəsil vaqonların banı paslanmayan dəmirdəndir. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid imkanı mövcuddur”.
N.Paşayev vaqonlarda üç rejimdə - soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sisteminin quraşdırıldığını bildirib.
O qeyd edib ki, vaqonun salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb.
N.Paşayev həmçinin əlavə edib ki, köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir.