Biz istəyirik ki, bu şirkətlər üçün bu regionda alternativ bazarlar tapaq. Azərbaycan bu bazar ola bilər.
Bunu Bakıda keçirilən İtaliya-Azərbaycan işgüzar görüşündə İtaliyanın iqtisadi inkişaf naziri xanım Federika Quidi bildirib.
O qeyd edib ki, İtaliya dövləti də bu şirkətlərin iştirakını dəstəkləyəcək. Görüşdə nazir iki ölkə arasında əməkdaşlığın daha damöhkəmlənəcəyindən danışıb:
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Prezident mənə bir neçə sahədə əməkdaşlığın mümkün olacağını bildirdi. O, İtaliya şirkətlərinin kənd təsərrüfatı sahəsinə investisiya qoymağının mümkün olacağını qeyd etdi. Düşünürəm ki, bu sahədə bizim əməkdaşlığımız mümkündür. Bundan başqa, Azərbaycanla çirklənmiş ərazilərin təmizlənməsi, bank, səhiyyə və digər sahələrdə əməkdaşlığı düşünürük. Sizin həyata keçirəcəyiniz gələcək layihələrdə də əməkdaşlıq imkanlarını nəzərdən keçiririk”.
İtaliyalı nazir neft-qaz sahəsindəki əməkdaşlıqdan da danışaraq qeyd edib ki, İtaliyanın da iştirak etdiyi Trans-Adriatik boru kəməri (TAP) layihəsi üzrə son rəsmiləşdirmə işləri aparılır. Onun sözlərinə görə, may ayına qədər rəsmiləşdirmə işləri yekunlaşacaq:“Biz öz tərəfimizdən TAP layihəsinin uğurla həyata keçirilməsinin təminatını veririk. Bu layihə bizim üçün əhəmiyyətlidir”.
Nazir əlaqələrdə ticarət dövriyyəsinin rolunu da qeyd edərək bildirib ki, Azərbaycan İtaliyanın ən böyük neft təchizatçısıdır.O qeyd edib ki, son illərdə İtaliyadan Azərbaycana ixrac da artıb.
“İxracın gələcək illərdə də artacağına və ən yüksək səviyyəyə çatacağına ümid edirik. Azərbaycan bizim üçün çox əhəmiyyətli ölkədir”-deyə, italyan nazir əlavə edib.