Aprelin 8-dən 12-dək davam edəcək mərasim çərçivəsində bütün filmlər, o cümlədən, “Mr Turner”, “The İmitation Game”, “Pride”, “Hitchcockun The Ring”, “The Story of Children and Film”, “Paddington” və (Bakıda premyerası olacaq) “Shaun the Sheep” ingilis dilində göstəriləcək.
Açılış mərasimində çıxış edən British Council-un Azərbaycan üzrə direktoru Elizabet Uayt bildirib ki, bu gün böyük film mövsümü öz işinə başlayır:
“Festivalda sərgilənəcək filmlər Britaniyada şöhrət qazanmış filmlərdir. Hər bir film özündə Britaniya kinemotoqrafiyasının fərdi, özəl xüsusiyyətlərini ehtiva edir. Auditoriyaya dram, komediya, həmçinin uşaqlar üçün cizgi filmləri də təqdim ediləcək”.
Uayt bildirib ki, ingiliscə təqdim ediləcək filmlər bu dili öyrənənlərin dil bacarıqlarının inkişafına imkan yaradacaq.
Qeyd edək ki, təfbir British Council Böyük Britaniya səfirliyi, “PwC”, “UNICEF” və “28 Cinema” ilə əməkdaşlıq çərçivəsində reallaşır.
Bu il British Council və UNICEF Britaniya Film Mövsümü çərçivəsində Azərbaycanda OneminutesJR adlı təlim sessiyası təşkil edib. Bu tədbir beynəlxalq layihənin bir hissəsi olub gənclər və uşaqların sosial müdafiəsi sahəsində peşəkar qısa filmlərin hazırlanması və çəkilişini öyrənmək imkanı verir. Seminarın mövzusu "İmkanlar Məhdudiyyətsizdir” olub. Görmə və eşitmə qüsurlu gənclər və müxtəlif çətinlikləri olan ailələrin uşaqları bu layihə sayəsində səslərini geniş auditoriyaya eşitdirə biliblər. British Council-ın Facebook səhifəsində ən çox bəyənilən 3 filmin müəllifi qalib seçilib və filmlər Britaniya Film Mövsümü zamanı hər filmdən əvvəl nümayiş etdiriləcək.
Festival aprelin 12-dək davam edəcək.