AZƏRTAC-a istinadən xəbər verir ki, martın 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İspaniya musiqiçiləri festival çərçivəsində geniş konsert proqramı ilə çıxış ediblər.
İlk olaraq səhnəyə Azərbaycan ifaçıları çıxıblar. Əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artist Babək Niftəliyev və İlkin Əhmədovun ifasında “Rast” muğamı səslənib. Xanəndələri Ayaz İmranov (tar), Elvin Novruzov (kamança), Humay Rəhimova (qanun), Soltan Əliyev (nağara) və Novruz Hüseynov (bəm-tar) müşayiət edib.
Bənzərsiz səslərin fonunda yenidən qəlblərə hakim kəsilən və Azərbaycan musiqisində 7 əsas məqamdan birincisi hesab olunan “Rast” bir daha muğamların anası hesab olunduğunu sübut etməyi bacarıb.
Qeyd etməliyik ki, muğamlar tarixi inkişaf prosesində quruluş və forma baxımından dəyişikliklərə uğrasa da, “Rast” muğamı, yalnız öz adını və səs qayəsini deyil, hətta öz mayə ucalığını da, zəmanəmizə qədər qoruyub saxlamışdır.
Konsertin ikinci hissəsində səhnəyə çıxan İspaniyanın “Flamenko” qrupunun da çıxışı maraq doğurub. Qrupda yer alan müğənni Xuan Piniya Martin və rəqqasə Kika Quesadanın çıxışı gecəyə xüsusi rəng qatıb. Hər iki ifaçı dünyada tanınan sənətçilərdəndir və nüfuzlu mükafatlara layiq görülüblər.
Konsert tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.