İsmayıllıda 100 min ton taxıl tədarükü planlaşdırılır
12 mart, 2015 22:44
Bu sözləri “İrəli” İctimai Birliyinin İsmayıllıda keçirdiyi “Gənc Əkinçi” layihəsi çərçivəsində jurnalistlərlə görüşən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovsöyləyib.
İsmayıllıda kənd təsərrüfatının mühüm yer tutduğunu deyən icra başçısı bildirib ki, rayon iqtisadiyyatının 80 faizini kənd təsərrüfatı tutur:
“İsmayıllı şəhərinin özündə yaşayan əhalisi 25 min nəfərdir. 14-29 yaş arasında olan və gənc hesab edilənlər 7 mindən bir az çoxdur. Biz yalnız o gənclərin 2-3 mininə iş yeri tapmışıq. Qalanlarına isə iş yeri yoxdur.
Əkin üçün yararlı olan 32 mindən çox ərazimiz var. Biz bacardığımız qədər həm gəncləri, həm də əhalinin digər təbəqələrini kənd təsərrüfatı, biznes, azad sahibkarlıqla məşğul olmağa sövq edirik”.
M.Sadıqov vurğulayıb ki, İsmayıllı rayonu 2013-cü ildə 60 min ton, ötən il isə 82 min ton taxıl tədarük edib. O deyib ki, rayonun 100 min ton taxıl tədarük etməyə potensial və imkanı var:
“İcra başçısı kimi mənim əsas vəzifəm kənd təsərrüfatını inkişaf etdirməkdir. Azərbaycanda yeganə kolxoz İsmayıllıdadır. Kənd təsərrüfatının inkişafı üçün lazım olan bütün coğrafi şərait və texniki imkanlar var. Biz ciddi səylə çalışaraq zamanla öz istəyimizə çatacağıq”.
Rayon və kənd yerlərində insanların kütləvi şəkildə şəhərlərə üz tutduğunu deyən icra başçısı söyləyib ki, əhalinin öz evlərini tərk etməməsi üçün düzgün iqtisadi siyasət aparmalıdır. M.Sadıqov buna bir nümunə də çəkib:
“İsmayıllının, eləcə də Azərbaycanın tarixində mühüm yer tutan Lahıcda 1912-ci ildə 20-25 min, 1940-ci ildə 38 min adam yaşayırdı. 2015-ci ildə isə 3 min adam yaşayır. Azərbaycan bölgələri yaşayış baxımından çox eroziyaya uğrayıb. Dünya təcrübəsində məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi qanunu var və bu iqtisadiyyatın ən böyük qanunlarından biridir. İsmayıllının 105 kəndi var ki, onların çoxunda barmaqla sayılacaq qədər adam yaşayır. Azərbaycanda kənd təsərrüfatı inkişaf etdirilsə, bölgələrdə insanlar öz evlərini tərk edib şəhərlərə üz tutmazlar”.