Baş nazir deyib: “Biz dünyanın harasında olmasından, yaşamasından asılı olmayaraq öz vətəndaşlarımıza, insanlarımıza sahib çıxırıq. Bu əməliyyatla Türkiyə həm də öz tarixi mirasına, əcdadına, kimliyinə sahib çıxdı”.
Davudoğlunun sözlərinə görə, rəsmi Ankara bu əməliyyat üçün kimdənsə icazə, yaxud yardım almalı deyildi.
Qeyd edək ki, fevralın 22-də Türk ordusu Suriya ərazisindəki Türkiyəyə məxsus Süleyman Şah türbəsinə girib.
Əməliyyat zamanı ərazidə 10 aya yaxındır İŞİD qruplaşmasının mühasirəsində qalan növbətçi əsgərlər azad edilib. Türkiyə Baş Qərargahının şərti olaraq “Şah Fırat” adı verdiyi əməliyyat nəticəsində türbədə xidmət edən, onu qoruyan 40 nəfərlik hərbçi qrup Türkiyəyə gətirilib. Əməliyyat zamanı bir türk əsgəri həyatını itirib.
Əməliyyat nəticəsində türk ordusu hətta Türbədə uyuyan Süleyman şahın nəşini də oradan çıxarıblar. Onun nəşi elə Suriya ərazisində başqa bir yerdə dəfn olunub və həmin ərazidə Türkiyə bayrağı dalğalanır.