Hətta insanlar ajiotaja düşərək ərzaq mağazalarına axın edib, artıq məhsullar alıblar.
Qiymət artımı olacağı ilə bağlı şayiələr yayılıb.
Biz də qiymət artımının müşahidə olunub-olunmamasını aydınlaşdırmaq üçün şəhərin ərzaq mağazalarına üz tutduq. İlk olaraq “Bazarstore” mağazasına getdik. Burada qiymətlərin əvvəlki kimi olduğunu, hər hansı bahalaşma olmadığını müşahidə etdik.
Hətta dünən mağazalar şəbəkəsindən açıqlama verilərək qiymətlərin əvvəlki kimi qaldığı, hətta endirimlərin davam etdiyi qeyd olunub.
“Bazarstore” mağazalar şəbəkəsi olaraq bu gün bir daha bəyan edirik ki, hər zaman müştərilərimizin yanındayıq. Dünən və bu gün “Bazarstore” mağazaları normal iş rejimində çalışıb, böyük müştəri axını olsa da, o qədər də çox sevgi və anlayışla onlara xidmət göstərib”, - açıqlamada qeyd olunub.
Eyni zamanda, şəhərin bir neçə yerində kiçik marketlərə və meyvə-tərəvəz satılan mağazalara baş çəkdik. Burada da hər hansı qiymət artımına rast gəlmədik.
“Bizim Market” mağazalar şəbəkəsinin də bu gün Facebook səhifəsində qeyd olunub ki, mağazada qiymətlər əvvəlki səviyyədə qalıb.
Xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımı edənlərə qarşı ciddi tədbirlər görəcəyini açıqlayıb.
Nazirlikdən bildirilib ki, süni qiymət artımına ciddi nəzarət edilir.
Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı yoxlama tədbirlərini daha da gücləndirib.
“Xidmət tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirib və yoxlamalar davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək”, - nazirlikdən bildirilib.
Mağazaya gələn müştərilərdən biri, Vəliyevə Xanım da Gün.Az-la söhbətində bildirdi ki, şayiələrə görə qorxub, səhər tezdən supermarketə gəlib.
“Lakin qiymətlərin əvvəlki qaydada qalması məni rahat etdi. Özümə lazım olan ərzağı, bundan əvvəl aldığım qiymətə indi də aldım”.
Qeyd edək ki, ekspertlər də dolların məzənnəsinin qalxmasının ərzaq məhsullarına təsirinin az olacağını proqnozlaşdırıblar. Çünki Azərbaycanda əksər ərzaq məhsulları yerli istehsaldır.
Statistikaya görə, mal ətinin 87 faizi, qoyun ətinin 97 faizi, quş ətinin 98 faizi, yumurtanın 100 faizi, süd və süd məhsullarının 76 faizi, taxılın 60 faizi, üzümün 98 faizi, kartofun 90 faizi, bostan məhsullarının 100 faizi, meyvə və giləmeyvənin 120 faizi, tərəvəzin 103 faizi, duzun 87 faizi, şəkər və şəkərdən hazırlanan məhsulların 170 faizi yerli istehsal hesabına təmin olunur.