Erməni hakerlərinin sındırdığı “Azərbaycanfilm” kinostudiyasının saytı bərpa edildi
19 fevral, 2015 15:12
Kinostudiyanın beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Səmayə Əsgərovanın APA-ya verdiyi məlumata görə, sayt dünən gecə hücuma məruz qalıb:
“Saytı dağıdılan qurumlar içində Azərbaycan Rejissorlar Gildiyası da var. Erməni hakerlər dünən kinostudiyanın saytına hücumu edib, erməni zabiti Qurgen Markaryanın şəklini ora yerləşdiriblər”.
Məsələni araşdırmaq üçün Kinostudiyanın direktoru Müşfiq Hətəmovla əlaqə saxladıq. O, Gün.Az-a açıqlamasında bildirib ki, hazırda saytın fəaliyyəti bərpa edilib:
“Rabitə və yüksək texnologiyalar nazirliyinin əməkdaşı Tofiq Fərmanov çox sağ olsun, müraciətimizə baxdı. Problem dərhal aradan qaldırıldı. Gələcəkdə bu kimi halların baş verməməsi üçün təhlükəsizlik tədbirlərinin görülməsinə başlamışıq. Biz bunu kinostudiyanın son illərdə Qarabağ mövzusuna geniş yer ayırması və beynəlxalq müsabiqələrdə bu filmlərə olan diqqətə qısqanclıq kimi qiymətləndiririk. Çünki son 1 ildə Azərbaycan filmləri dünyanın 52 dövlətində keçirilən müxtəlif beynəlxalq müsabiqələrində iştirak edib”.
Qeyd edək ki, azərbaycanlı zabit Ramil Səfərov Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda qətlə yetirib.