Türkiyədə bir neçə gündür hakim olan qarlı hava sözün əsl mənasında həyatı dondurub.
Belə ki, güclü qar ölkənin iki əsas şəhəri olan İstanbul və Ankarada yolların buz bağlamasına səbəb olub. Avtobus və tramvayların hərəkəti dayanıb, hətta bir çox təyyarə reysləri də təxirə salınıb.
Əksər şəhərlərdə qarın qalınlığı 60 sm-dən yuxarıdır. Havanın temperaturu isə -10 dərəcəyə, dağlıq ərazilərdə isə bundan da aşağı dərəcələrə qədər enib.
Gediş-gəlişin çətinliyini nəzərə alaraq İstanbul və Ankara valiliyi bütün şəhər ərazisində uşaq bağçaları, orta məktəblər, liseylər, özəl təhsil müəssisələri və reabilitasiya mərkəzlərində bu gün tətil elan edilib.
Qeyd edək ki, Türkiyə sinoptikləri qarlı və şaxtalı havanın sabah da davam edəcəyini bildiriblər.