Xəbərlər

BƏXTİYARLIQ - Mövqe
16 fevral, 2015 23:18

Adətən belə səgilərdə ayrı-ayrı araşdırıcıların da sənətkar haqda fikirləri yer alır. Mən də orada Bəxtiyar Vahabzadənin şəxsiyyəti və sənəti barədə düşüncələrimi qısaca bölüşdüm. Həmin yazını və unudulmaz şairlə hələ heç yerdə çap olunmamış şəklimizi təqdim edirəm.

Amma söz yox ki, yaxın vaxtlarda Bəxtiyar Vahabzadənin yuvarlaq ildönümü dolayısınca mətbuat üçün daha geniş bir yazı hazırlayacağam. Bəxtiyar müəllimin oğlu İsfəndiyarla biz Universitetin şərqşünaslıq fakultəsində eyni qrupda oxuyurduq. Fakultəmizdən onların evinə lap yaxın idi. Demək olar ki, hər gün dərsdən sonra İsfəndiyargilə gedər, birgə hazırlaşardıq. Ona görə də Bəxtiyar Vahabzadə yeniyetməlik illərimdən mənimçün yalnız məşhur bir şair deyil, həm də hər gün təmasda olduğum Bəxtiyar əmi idi.Xatirələr də, müşahidələr də çoxdur və Azərbaycan bədii sözü və düşüncəsi tarixində ayrıca mərhələ olan Bəxtiyar Vahabzadə haqqında bildiklərimi, düşündüklərimi, misilsiz yaradıcılığı haqqında qənaətlərimi iri bir yazıda əks etdirmək mənəvi borcumdur. Hələkiksə, başlanğıc olaraq Nizami Muzeyindəki Bəxtiyar Vahabzadə sərgisi üçün qələmə aldığım bu qeydləri oxuyun.

BƏXTİYARLIQ

Yüzillər və minillərdən gələn bir ədəbi ənənə, yazılmamış bir qayda var ki, adətən, hər şairin gerçək adından savayı təxəllüsü də olur. Müasir Azərbaycan ədəbiyyatının ən qüdrətli yaradıcılarından sayılan Bəxtiyar Vahabzadənin şairlik təxəllüsü yox idi. Şeirlərini elə öz əsl adı və soyadı ilə imzalayırdı. “Bəxtiyar” sözü sevimli şairin həm də təxəllüsü məqamında idi və ustad bir sıra şeirlərinin sonunda fikirlərini, qayəsini də bu kəlmənin anlamına uyğun olaraq ifadə və şərh edirdi. Amma mənası “xoşbəxt”, “məsud” olan bu sözü bir şairə aid etmək həmişə çətindir. Tarixin bütün dövrlərində və dünyanın hər yerində həmişə belə olub. 

Çünki şair, xüsusən də Bəxtiyar Vahabzadə kimi həssas, cəmiyyətin də, insanın da, həyatın da çox dərin qatlarını görməyi bacaran, ağrı və acılara biganə qalmayan, həmdərd ola bilmək istedadına malik bir söz sərrafının xoşbəxt ola bilməsi təsəvvürəgəlməzdir. Bəxtiyar Vahabzadə millətini sevən, xalqının və yurdunun məruz qaldığı bütün nisgilləri daim qəlbində daşıyan, misralarına gətirən qələm sahibi idi. İlk gəncliyindən belə olmuşdu, ömrünün sonunadək də o cür qaldı. Bəxtiyar Vahabzadə dili qıfıllı və gözü qıpıq olan sovet cəmiyyətində yaşayırdı. Arzulayırdı ki, ana dili küncə sıxılmasın, ikinci dərəcəli hesab edilməsin, bu gözəl dil Azərbaycanda layiq olduğu uca mərtəbədə qərar tutsun, istəyirdi ki, milli dövlətinin bir dəfə yüksəlmiş bayrağı yenidən dikəlsin, Vətəni təzədən istiqlala qovuşsun, diləyirdi ki, ikiyə parçalanmış yurdu birləşsin, bütövləşsin. Qələmi ilə, sözü ilə, döyüşkən varlığı ilə mübarizə aparırdı ki, bu amal, bu hisslər millətin beyni və qəlbində sönməsin, soyumasın. Bütün ədəbi, elmi, ictimai fəaliyyətləri ilə çalışırdı ki, bu arzu və niyyətlər doğrulsun. 

Bəxtiyar o zaman Bəxtiyar ola bilərdi ki, onun payına düşmüş ömür möhləti içərisində gerçəkləşməsi insana möcüzə kimi gələn bu arzular həyata keçsin. 

Hər halda bəxt ona yar oldu. Bəxtiyar Vahabzadə şər imperiyası olan Sovet İttifaqının dağılmasının ürəkdən tikan çıxaran fərəhini də yaşadı, Azərbaycanın müstəqilliyini də gördü, dilimizin, mənəvi dəyərlərimizin ən ali təntənələrinə də şahid kəsildi. Onillərcə dillər əzbəri olmuş şeirlərində nəbz kimi çırpınan vətənçi və millətçi düşüncələrinin doğrulması asta-asta Bəxtiyarı bəxtiyarlaşdırırdı, valideynlərinin ona bağışladığı ad gəlib həqiqi mənasında öz yerini tuturdu. Ancaq hələ böyük ustadın yerinə yetməmiş, ümid olaraq qalan arzuları da var. 
Bəxtiyar Vahabzadə Vətəninin o tayı ilə bu tayını birləşmiş görmədən getdi, Qarabağ düyününün çözülməsini görmədən getdi...
 
Həmin arzuların hamısı gerçəkləşmədən Bəxtiyar sonacan necə bəxtiyar olsun?!
Bəxtiyar Vahabzadə vurğunu olduğu Mehmet Akif Ərsoyun “Millət şərqisi”ndən bu misraları təkrarlamağı xoşlardı:

Gələcəkdir bizə vəd etdiyi günlər Haqqın,
Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın.
Bəxtiyar Vahabzadənin nigaran ruhu milləti ilə bir yerdədir. Dünən belə idi, indi belədir, gələcəkdə də belə olacaq.

Və ən böyük arzu da odur ki, unudulmaz şairin Vətənə və millətə bağlı bütün ülvi arzuları parlaq bir gerçəyə dönsün, “bəxtiyar” kəlməsinin səadət siqləti yaxın bir sabahın qoynunda tam doğrulsun! 
Bəxtiyarın bəxtiyar olacağı günlər Millətin və Yurdun da hər an intizarında olduğu məsud tarix anlarıdır!
O əziz günlərin hökmən gələcəyinə hamıdan çox inanan elə Bəxtiyar Vahabzadənin özü idi və bu bəxtiyar gəlişin niyə labüd olduğunun səbəbini də söyləmişdi: “Axı dünya fırlanır!”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.