Konfrans bir daha göstərdi ki, enerji təhlükəsizliyinin təmini milli təhlükəsizliyin, sabitliyin qorunması üçün əsas şərtdir.
Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) deputatı Azər Badamov dilə gətirib.
Onun dediyinə görə, konfrans çərçivəsində “şaxələndirmə” mövzusunda keçirilmiş dəyirmi masa Cənub Qaz Dəhlizinin Avropa məkanı üçün ümid yeri və əhatə məkanının genişlənərək “NABUCCO” iştirakçısı olmuş ölkələrinin də marağında olduğunu göstərdi:
“Şaxələndirmə ancaq marşrutların şaxələndirilməsi kimi yox, həm də yeni enerji mənbələrinin şaxələndirilməsi olaraq Avropa üçün böyük əhəmiyyətə malikdir. Avropa komissarının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviçin “biz Avropa İttifaqında yayda yox, qışda nə baş verəcəyi haqqında düşünməkdən yorulmuşuq”, - deyə bəyan etməsi Cənub Qaz Dəhlizi layihəsinin əhatə dairəsinin daha da geniş və perspektivli olacağını göstərir.
Cənab Prezident ilham Əliyevin həm dəyirmi masadakı, həm də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxışları Azərbaycanın Cənub Qaz Dəhlizinin inşasının vaxtında başa çatdırılacağını və ölkələrin inteqrasiyasında mühüm rolu olacağını özündə ehtiva edir.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan üçün “Əsrin müqaviləsi” qədər vacibdir. Bu, həm enerji resurslarımızın yeni bazarlara ayaq açmasına imkan yaradacaq, həm də ölkəmizin təhlükəsizliyinin qorunub-saxlanmasında xüsusi rola malik olacaq. Bu layihə Azərbaycanın dünyada nüfuzunu artırır və tərəfdaşlarımızı çoxaldır. Artıq Azərbaycan beynəlxalq məkanda baş verən proseslərdə vacib iştirakçıya çevrilir və odur ki, bu tipli layihələr ölkəmizin müstəqilliyinin tam bərpasında, tam oturuşmasında xüsusi rola malik olacaq”.