Millət vəkili seçildiyi rayonda müəllim və şagirdlərlə görüşüb
11 fevral, 2015 12:45
Q.Paşayeva Rövşən Alıyev adına Əyyublu kənd orta məktəbini ziyarət edib, müəllim və şagirdlərlə görüşüb.
Tovuzun və Azərbaycanın ən böyük kəndlərindən biri olan məktəbdə görüşdə Q.Paşayeva gənclərin savadlı yetişməsində fədakar müəllimlərin rolunu xüsusi vurğulayıb.
Məktəbin direktoru Viktor Kərimov və bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib və fikirlərini söyləyiblər. Müəllimlər məktəbin yeni binasının tikilməsi üçün Q.Paşayevanın hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkür ediblər.
Q.Paşayeva məktəbin yeni binasının tikintisinə böyük ehtiyac olması ilə bağlı baş nazir Artur Rəsizadəyə və təhsil nazirinə müraciət etdiyini bildirib. Müəllimlərin fikir və təkliflərini dinləyən deputat bu ilin təhsil üzrə göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib.
Deputat məktəbdə şagirdlərlə də görüşüb və onlarla söhbət edib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənmılidirlər.
O, hərbi dərslərə ciddi diqqət yetirmənin vacibliyi ilə də bağlı fikirlərini bölüşməklə yanaşı gənclər arasında zərərli vərdişlərlə mübarizənin gücləbndirilməsinin önəmindən də danışıb.
Görüşün sonunda deputat müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq təqdim etməklə yanaşı, məktəbin kitabxanasına xeyli kitab hədiyyə edib.