Bakıda konsaltinq sektorunda Biznesin Diaqnostikasına dair seminar başlayır
11 fevral, 2015 12:32
Bakıda fevralın 11-də yerli konsaltinq sektorunda Biznesin Diaqnostikası ilə əlaqədar seminar başlayacaq.
Gün.Az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təşkil olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən üç günlük seminarda Azərbaycanın on beş konsaltinq şirkəti iştirak edəcək.
Təlimin məqsədi azərbaycanlı konsultantların yerli kiçik və orta ölçülü müəssisələrə göstərdiyi konsaltinq xidmətlərinin keyfiyyətini artırmaqdan ibarətdir. Kurs Avropa Yenidənqurma və İnkişaf Bankının Kiçik Biznesə Dəstək komandası ilə sıx əməkdaşlıq şəraitində beynəlxalq trener tərəfindən aparılacaq.
Avropa Yenidənqurma və İnkişaf Bankı bilik və bacarıqlarını təkmilləşdirmək, kiçik və orta ölçülü müəssisələr üçün keyfiyyətli layihələr həyata keçirmələrini təmin etmək və əhatə etdikləri ixtisas sahələrini genişləndirmək üçün Azərbaycanın yerli konsultantları ilə əməkdaşlıq edir.
“Biznesin diaqnostikası konsultantların düzgün layihələri müəyyən etməsi, müştərinin qarşılaşdığı çətinliklərin köklərini aşkar etməsi və həll məsləhət görməsi üçün vacib vasitədir. O, kiçik və orta ölçülü müəssisələrə daha yaxşı xidmət göstərmək üçün həyati əhəmiyyət kəsb edir”, – deyə AYİB-in Azərbaycanda Kiçik Biznesə Dəstək proqram meneceri Lalə Rzayeva bildirib.
AYİB, 1993-cü ildə Azərbaycanda fəaliyyətə başladığı vaxtdan bəri 700-dən artıq müəssisəyə inkişaf etmək və böyümək üçün nou-hau konsaltinq xidmətlərindən istifadə etməkdə kömək edib. Avropa İttifaqı 2003-cü ildən bəri bu işin dəstəklənməsi üçün 3.7 milyon avro vəsait ayırıb.