İyunun 1-dən nikaha daxil olanlar həkimə getməli olacaqlar
28 yanvar, 2015 22:57
Milli Məclisin (MM) Sosial siyasət komitəsinin yanvarın 28-də keçirilən iclasında Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Sözügedən komitənin sədri Hadi Rəcəbli bildirib ki, bir müddət öncə Ailə Məcəlləsinə nikaha girən cütlüklərin sağlamlıqları barədə tibbi arayış təqim etmələri məsələsi daxil edilib:
“Ailə Məcəlləsinə edilən həmin dəyişikliyin bu ilin yanvarın 1-dən hüquqi qüvvəyə minməsi, tətbiqi nəzərdə tutulurdu. Ancaq həmin dəyişikliklə bağlı bir sıra direktiv sənədlər, xəstəliklərin siyahısı tam hazır olmadğı üçün onun icrasının, tətbiqinin uzadılması məqsədəuyğun sayıldı.
Yəni, həmin sənədlər, xəstəliklərin siyahısı iyunun 1-nə kimi hazır olacaq və bundan sonra məlum dəyişiklik hüquqi qüvvəyə minərək icraya yönəldiləcək”.
Qeyd edək ki, yeni dəyişiklikdə təklif olunur ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilsin.
Müzakirələrdən sonra qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.