AzərTAc-a istinadən xəbər verir ki, bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədriQorxmaz Hüseynov yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
O qeyd edib ki, bu məqsədlə Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşıb:
“Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi may ayına qədər başa çatdırılacaq. Növbəti illərdə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcək”.
Bundan başqa, o qeyd edib ki, ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunub, artıq 12 şəhərdə işlər yekunlaşıb, digər 28 şəhərdə isə davam etdirilir.
Onun sözlərinə görə, Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
“2014-cü ildə daha bir beynəlxalq maliyyə qurumu - İslam İnkişaf Bankı ilə layihənin icrasına başlanılıb. “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilib. 2015-ci ildə bu layihə çərçivəsində Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən qurulmasına başlanılacaq.
Dövlət Proqramının icrasının birinci ilində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilmiş, 50 min ədəd smart sayğac quraşdırılıb. Dövlət proqramlarında nəzərdə tutulmuş işlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların xüsusi çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılıb”-deyə, o əlavə edib.