Səfirlikdən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Pakistan arasında mövcud olan dostluq münasibətlərindən söz açılıb.
Səfir, Dağlıq Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə kimi verdiyi dəstəyə görə əyalət parlamentinin spikerinə təşəkkür edərək, Azərbaycan xalqının da daim bütün məsələlərdə Pakistanla birlikdə olduğunu bildirib.
Görüş zamanı D.Şikarov, Pakistan Senatının 2012-ci ilin 1 fevral tarixində Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməsinin qəbul edilməsində M.C.Camalinin oynadığı əvəzsiz roluna görə ona bir daha təşəkkürünü bildirib. (həmin dövrdə M.C. Camali Pakistan Senatının sədr müavini vəzifəsini tuturdu).
Bəlucistan əyaləti parlamentinin spikeri Pakistan və Azərbaycan xalqları arasında münasibətlərin səmimi dostluğa arxalandığını qeyd edərək, onların bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. O, Pakistanın Milli Assambleyası və Bəlucistan parlamentinin Azərbaycan Milli Məclisi arasında əlaqələrin qurulması, nümayəndə heyətlərinin mübadiləsi vacibliyindən danışıb.
Bildirib ki, mart ayında bir qrup parlament üzvləri ilə birlikdə Azərbaycana səfər etmək və Pakistanın daim Azərbaycanla olduğunu bir daha nümayiş etdirmək məqsədi ilə Novruz bayramını Azərbaycanda yaşayan məcburi köçkünlərlə birgə keçirmək niyyətindədir.
Mir Can Camali 2012-ci il 1 mart tarixində Azərbaycana səfərini, Prezident İlham Əliyevlə görüşünün təəssüratlarını bölüşüb.
Söhbət zamanı M.C.Camali, Bəlucistanda gedən proseslər barəsində məlumat verib, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevaya Bəlucistanın zəlzələdən zərər çəkmiş ərazilərdə və əyalətin digər bölgələrində həyata keçirmiş humanitar aksiyalara görə öz minnətdarlığını bildirib.