Əvvəlcə Rumıniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri və tədbir iştirakçıları bu ölkənin bəstəkarı Corc Eneskunun Bakıdakı abidəsi önünə əklil qoyublar.
Səfir Daniel Çiobanu bildirib ki, bu gün onlar üçün böyük əhəmiyyət kəsb edir, çünki 165 il əvvəl 15 yanvar tarixində xalq şairi Mixay Eminesku anadan olub. O, Rumıniyanın ən gözəl şairlərindən biri olub.
“Biz bu gün başqa bir mötəbər hadisəni, Rumıniya-Azərbaycan müştərək marka nəşrinin buraxılmasını qeyd edirik. Düşünürəm ki, bu müştərək markanın buraxılması zamanlar arasında məcazi olaraq bir bağlılıq yaradır”.
Diplomat deyib ki, Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır və iki ölkə arasında münasibətlər bütün sahələrdə çox uğurla inkişaf edir. Səfir bildirib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub, bundan əlavə, Azərbaycanın NATO və Avropa İttifaqı arasında əlaqələrinin gələcək inkişafının güclü dəstəkləyicisidir. Səfir iki ölkənin mədəniyyət sahəsində əlaqələrindən də danışıb.
Azərbaycan XİN-in xüsusi təlimatlı səfiri Gündüz Cəfərov iki ölkənin əlaqələrinin inkişafından danışıb. O deyib ki, Rumıniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü yüksək səviyyədə dəstəkləyib, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin sıx əlaqələri var.
Tədbirdə, həmçinin Rumıniyanın və Azərbaycanın birgə hazırladığı markaların təqdimatı olub. Bu markalar ənənəvi milli incəsənət mövzusunda hazırlanıb və hər iki ölkənin dulusçuluq və xalça sənəti nümunələrinə həsr olunub.