Ötən il 42 milyon ton neft hasil olunub
16 yanvar, 2015 12:12
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 69,6 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 41,9 milyon ton neft, 18,7 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.
Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 24,0 faizini təşkil edib, qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib.
İstehsal edilmiş sənaye məhsulunun 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 6,9 faiz üstələyib. Ümumi sənaye istehsalının 92,4 faizi malların (əmtəələrin), 7,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 79,5 faizi özəl bölmədə istehsal olunub.