məqalədə səfir Elxan Qəhrəman Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son 10 il ərzində həyatın bütün sahələrində, eləcə də idman sahəsində nəzərəçarpan inkişafın müşahidə edildiyini yazıb.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin idman sektorunun inkişafına olan diqqət və marağın məntiqi nəticəsidir ki, göstərilən müddətdə Azərbaycanın mötəbər beynəlxalq və Avropa yarışlarını qəbul edib, 2015-ci ildə Birinci Avropa Oyunlarına və şahmat üzrə Dünya Kubokunun, eləcə də 2016-cı ildə şahmat olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və futbol üzrə AÇ-2020-nin final mərhələsinin 4 oyununa ev sahibliyi edəcək. Səfir bütün bunların da dövlətin müsbət idman imicini genişləndirdiyini və ölkədə idman hərəkatının dünya idman ictimaiyyəti tərəfindən dəstəkləndiyinə və yüksək dəyərləndirildiyinə dəlalət etdiyini önə çəkib.
Sonra səfir Prezident İlham Əliyevin sədrliyi altında Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi kimi nüfuzlu təşkilatlar və digər idman qurumları ilə sıx əlaqələr qurduğunu əsas tutaraq, bu əlaqələr sayəsində beynəlxalq idman təşkilatlarının rəhbərlərinin paytaxt Bakıya səfərlərinin dinamikasının və ölkədə keçirilən mötəbər turnirlərin sayının yüksələn xətlə inkişaf etdiyini yazıb.
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 2015-ci ildə Birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının da dünya idman ictimaiyyətinin ölkədə idman və bədən tərbiyəsi sahəsində görülən işlərə və əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdən irəli gəldiyinə diqqəti çəkərək, həmin qərarın Baş Assambleyada keçirilmiş səsvermə zamanı 48 ölkədən 38 ölkənin öz səslərini Azərbaycanın xeyrinə verilməsi nəticəsində qəbul edildiyini bildirib.
Daha sonra E.Qəhrəman “Bakı 2015 Birinci Avropa Oyunları”na məsul olan Təşkilat Komitəsinin Prezidentin sərəncamı ilə yaradıldığını, Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrlik etdiyini bildirib. Bu möhtəşəm tədbirin uğurla keçirilməsinin təmin edilməsi üçün Mehriban Əliyevanın böyük rol oynadığını, oyunların keçiriləcəyi idman obyektlərində inşaat və tikinti işlərinin gedişatını yaxından izlədiyini oxucuların nəzərinə çatdırıb.
Azərbaycanın birinci xanımının rəhbərliyi ilə Avropa Oyunları Təşkilat Komitəsinin Fransa, Almaniya, Yunanıstan, Türkiyə kimi Avropanın ölkələrində “Bakı 2015 Birinci Avropa Oyunları”nın təqdimatlarının keçirildiyini qeyd edib.
Məqalənin yekununda “Bakı 2015 Birinci Avropa Oyunları”nın rəsmi loqosu və simvolları barədə məlumat verilib.