bu barədə ADA Universitetinin ilin yekunları ilə bağlı açıqlamasında deyilir.
Qeyd edilib ki, yanvar ayında Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan “ADA” Universiteti yaradılması haqqında sərəncam imzaladı.
Yeni yaradılmış universitet Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərməyə davam etsə də, biznes, təhsilin idarə edilməsi və informasiya texnologiyaları kimi sahələrdə də akademik proqramların tədrisinə diqqət yetirəcək.
2014-cü ildə ADA Universitetinin tələbələrinin sayı 1300-ə çatdı. Bu tələbələrdən 23-ü Prezident təqaüdçüləridir.
İl ərzində tələbələr Türkiyə, Qazaxıstan, Qırğızıstan, Çexiya, Monqolustan, Vyetnam, Yaponiya və Niderland Krallığı kimi ölkələrə səfərlər ediblər.
Xarici İşlər Nazirliyinin təqdim etdiyi təqaüdlə hal-hazırda ADA Universitetində dünyanın 32 ölkəsindən 62 tələbə təhsil alır.
Bu il ADA Universiteti Malayziya Diplomatik İnstitutu, İraq Diplomatiya Akademiyası, Çin Beynəlxalq Münasibətlər İnstitutu, Amerika Ölkələri Təşkilatı, Yaponiyanın Doşişa, Osaka və Ritsumeyka Universitetləri, Şimali Dakota Universiteti və Pekin Dillər Universiteti də daxil olmaqla dünyanın bir sıra Diplomatiya akademiyaları və universitetləri ilə anlaşma memorandumu imzalayıb.
Həmçinin, bu il ADA Universitetində Belçikanın Avropa Kolleci ilə birgə fəaliyyət göstərən Avropa İttifaqı Araşdırmalar Mərkəzi yaradıldı. Avropa Komissiyası tərəfindən maliyyələşən Mərkəzin məqsədi 600-dən çox azərbaycanlı dövlət qulluqçusunu Avropa İttifaqı barədə maarifləndirməkdir.
ADA Universitetində bu il yerli və xarici diplomatlara təlim keçirilib.
Universitetdə bir sıra beynəlxalq tədbirlər keçirilib. Bir sıra tanınmış siyasətçilər burada mühazirə deyib. Onların arasında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu, BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark, ABŞ Konqresinin üzvü Loretta Sançez və başqaları olub.
Qeyd edək ki, bu mühazirələr əsasında, ADA Universiteti “Bakı Dialoqları” adlı jurnal nəşr edir.
ADA Universitetinin Fəxri doktor dərəcəsinə Con Hopkins Universitetinin professoru Dr. Fred Starr layiq görülüb.