Dövlət Neft Şirkətində idarəetmə strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr olunmuş mətbuat konfransında bildirilib.
Şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, "Azərneftyağ" neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq.
Onun sözlərinə görə, həmin zavodun istehsal qurğuları və istehsal sahələri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun tərkibindı fəaliyyət göstərəcək və orada çalışan işçilər də "Azərneftyağ"neft emalı zavodunun hüquqi varisi hesab edilən bu müəssisədə öz fəaliyyətlərini davam etdirəcəklər.
"Lakin islahat zamanı qeyri-effektiv və az səmərəli sahələrin fəaliyyətinin aradan qaldırılması, eyni zamanda idarəetmə aparatında aparılacaq optimallaşdırma tədbirləri nəticəsində yeni qurumda bəzi rəhbər işçilərin çalışmasının mümkünsüzlüyü də istisna edilmir.
Lakin onlara da ixtisaslarına uyğun iş təklif ediləcək. SOCAR özünün əsas idarəetmə prinsiplərindən biri olan işçilərin sosial dayanıqlığının təmin edilməsi üçün müxtəlif proqramlar və layihələr həyata keçirir, İnsan resurslarının idarəolunmasında yeni standartlar tətbiq edir. Sərbəstləşən işçilər şirkətin idarə və müəssisələrində iş yerləri ilə təmin edilir və ya müxtəlif proqramlar üzrə onlara müavinətlər ödənilir" - deyə, o əlavə edib.
O qeyd edib ki, islahatlar yalnız istehsalatın səmərəliliyinin artırılmasına xidmət edir və ixtisar məqsədi ilə aparılmır.