Lodz Universitetində Azərbaycan dili tədris olunacaq
12 dekabr, 2014 11:56
Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycandan olan tələbələrin hər il sayının artdığı bildirilib.
Azərbaycanlı tələbələrin əsasən beynəlxalq əlaqələr və hüquq fakültələrində təhsil aldıqları diqqətə çatdırılıb. “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin vətəndaşları üçün müəyyənləşmiş bütün imtiyazlardan azərbaycanlı tələbələrində istifadə etdiyi vurğulanıb.
Görüşdə Lodz Universiteti rəhbərliyi tərəfindən azərbaycanlı tələbələrə göstərilən qayğı və diqqətə görə təşəkkür edilib.
Xanım Vıkokinskayaya səfirlik tərəfindən son iki il ərzində polyak dilində Azərbaycanın Dağlıq Qarabağ regionu, Azərbaycan dili, tarixi, ədəbiyyatı, mədəniyyəti, eposları, memarlığı və s. seriyalar üzrə nəşr olunmuş 27 adda kitab haqda məlumat verilib. Varşava Universiteti ilə birgə Azərbaycan dili kitabının nəşr olunması diqqətə çatdırılıb.
Səfir H.Həsənov Lodz Universitetində təhsil alan tələbələrə Azərbaycan dili və mədəniyyəti haqqında daha ətraflı məlumatın verilməsi məqsədilə 2015-ci ildən müvafiq kursların açılmasını təklif edib.
Xanım Zofya Vısokinskaya təklifə görə təşəkkür edib və bu layihənin həyata keçirilməsinin mümkün olduğunu deyib.