Biz yalançı "erməni soyqırımı"nı irəli sürənlərin yalanlarını birgə ifşa etməli, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq.
Gün.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, hazırda qloballaşan dünyada medianın inkişafı sürətlə gedir. Son zamanlar Azərbaycanda aparılan müşahidələrə görə, ölkə əhalisinin yarısı xəbər portallarını özlərinə əsas informasiya mənbəyi hesab edir: "Hesablamalara görə, 2020-ci ildə bu rəqəm 85 faizə çatacaq. Bu, Türkiyədə də belədir. Türkiyə və Azərbaycan dünyanın ayrılmaz hissələridir. Bu keçidin mərhələ və formaları, yaranmış fəsadlar, onların aradan götürülməsi, bu istiqamətdə birgə əməkdaşlıq etməliyik".
Ə.Amaşov qeyd edib ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri məhz Azərbaycan və Türkiyə jurnalistləri arasında münasibətləri daha da möhkəmləndirməkdir.
MŞ-nin sədri bildirib ki, tədbirin keçirilməsinin digər məqsədlərindən biri türkdilli ölkələrin jurnalist təşkilatları arasında əlaqələri möhkəmləndirməkdir.
Qeyd edək ki, bu konfrans Türkiyə-Azərbaycan media əməkdaşlığı çərçivəsində həyata keçirilən 3-cü layihədir.