Forumda Azərbaycanın 2015-ci il üçün büdcə siyasəti, neftin qiymətinin kəskin düşməsinin büdcəyə təsiri, Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsi məsələləri müzakirə olunub.
Biznes-forumda çıxış edən Samir Şərifov ölkə iqtisadiyyatı barədə məlumat verərək bildirib ki, 10 ildə ölkə iqtisadiyatı 3 dəfədən çox artıb:
“Azərbaycan vaxtilə iqtisadiyyatın həcminə görə ikinci yüzlükdə idi, indi isə 70 ölkə sırasına daxil olub. Bu böyük göstəricidir. Ölkə prezidenti tərəfindən qarşımıza Azərbycan iqtisadiyyatının neft faktorundan asılılığının tədricən azaldılması məqsəd qoyulub. Bizim gələcək inkişafın əsasını qeyri- neft sektorundan əldə olunan gəlirlər təşkil etməlidir. Bu məqsədlə növbəti 10 il ərzində qeyri- neft sektorunu 2 dəfə artırmalıyıq.Bu da ildə 8 faizlik qeyri neft sektorunun artımını tələb edir. Bu istiqamətdə xeyli işlər görülüb və işlər görülməyə davam edəcək",-nazir çıxışında əlavə edib.
Biznes-forumda çıxış edən Caspian European Club-un icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa görə, o cümlədən tədbir zamanı Caspian European Club-un üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə diqqət yetirdiyinə görə Samir Şərifova minnətdarlığını bildirib.
O qeyd edib ki, Caspian European Club 2002-ci ilin iyun ayında Caspian Energy International Media Group-un və Xəzər-Qaradəniz regionunda işləyən iri neft-qaz şirkətlərinin fəal iştirakı ilə yaradılıb.
Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Telman Əliyevin sözlərinə görə, Caspian European Club-un yarandığı gündən, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yatırılmasına vasitəçilik edib. Caspian European Club öz sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirməklə, dünyanın 50 ölkəsində çalışır, dövlət strukturları ilə özəl sektor arasında dialoqun inkişafı istiqamətində aktiv fəaliyyət göstərir.
Sonda Samir Şərifova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim edilib. Sertifikatlar həmçinin Caspian European Club-un yeni üzv şirkətlərinə də təqdim edilib. Həmçinin tədbir çərçivəsində Caspian European Club ilə bir sıra işgüzar birlik və təşkilatlar arasında memorandumlar imzalanıb, Xüsusən Azərbaycanın iş adamları Milli konfederasiyası, Azərbaycan sığortaçılar Assosiasiyası, ATIB və TUSIAB ilə. Caspian European Club-un təşkil etdiyi görüşdə bir sıra şirkətlərin rəhbərləri və Azərbaycanda akkreditasiya olunmuş diplomatik təşkilatların nümayəndələri iştirak edib.