Andro Şilakadze: “İnsanlar bəzən müayinədən keçmək üçün həkimlərdən çəkinir...”
04 dekabr, 2014 18:28
Bunu Milli Məclisin (MM) Sosial siyasət komitəsinin, BMT-nin Uşaq Fondunun (UNİCEF) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə dekabrın 4-də parlamentdə keçirilən “İnsan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr zamanı BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Andro Şilakadzedeyib.
Onun sözlərinə görə, epidemiya davam etdiyindən bu problemə qarşı mübarizə də qanunvericiliklə müəyyən edilməlidir:
“Bu gün istəyimizdən, milli mentalitetimizdən asılı olmayaraq, gənclər daha tez aktiv fəaliyyətə başlayır və bu da bir çox hallarda müəyyən risklər yaradır. Ona görə də bizlər gənclərin mütəmadi olaraq müayinədən keçməsini təmin etmək üçün ciddi maarifləndirmə işləri aparmalıyıq ki, onlar müayinələrdən keçsinlər.
Baxmayaraq ki, Azərbaycanda QİÇS Mərkəzi yaxşı fəaliyyət göstərir, amma bu işə QHT-lər də cəlb olunsa, daha yaxşı olardı. Çünki insanlar bəzən müayinədən keçmək üçün həkimlərdən çəkinir, ancaq QHT-lər bu xəstəliyə yoluxanların rəsmi qeydiyyata alınmasında və onların müayinəyə cəlb olunmasında yardımçı ola bilərlər”.
A.Şilakadze bununla yanaşı, Azərbaycanda orta məktəblərdə məktəbəqədər təhsil tətbiqinin vacibliyini bildirib.
Onun dediyinə görə, dünya praktikası sübut edir ki, məktəbəqədər təhsil alan uşaqlar təhsildə daha yüksək nəticə göstərirlər:
“Ona görə də bu praktika Azərbaycanda tətbiq olunmalıdır. Təklif edirəm ki, qanunvericiliyə dəyişiklik edilsin və heç olmasa uşaqlar bir illik məcburi məktəbəqədər təhsil alsınlar”.
BMT Uşaq Fondunun Azərbaycan üzrə nümayəndəsinin ikinci əsas təklifi isə ərzaq məhsullarının, xüsusən də unun tərkibinin zənginləşdirilməsi ilə bağlı olub.
O bildirib ki, ərzaq məhsullarının tərkibinin müəyyən maddələrlə zənginləşdirilməyəndə insanlar müəyyən xəstəliklərə yoluxur və bu da cəmiyyətdə ciddi problemə çevrilir:
“Ona görə də hesab edirəm ki, Azərbaycan cəmiyyəti belə bir problemlə üzləşməmək üçün qanunvericiliyə dəyişiklik etməli və ərzaq məhsullarının, xüsusən də unun tərkibinin zənginləşdirilməsi ilə bağlı müddəalar salmalıdır”.