Bakı Olimpiya Stadionu 10-luqda
28 noyabr, 2014 13:45
ANS-Press-ə istinadən verdiyi xəbərə əsasən, 10 ən möhtəşəm və həyəcanverici stadion layihəsi içərisində Bakı Olimpiya Stadionu da yer alıb.
Bakı Olimpiya Stadionu — Əsası 6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər.
Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub.
Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.
Sözügedən "Dünyanın ən həyəcanverici 10 stadion layihəsi"ni təqdim edirik:
1. Bakı Olimpiya Stadionu - Azərbaycan, 2015-ci il
2. Timsah Arena - Türkiyə, 2014-cü il
3. Estadio La Peineta - İspaniya, 2017-ci il
4. Zenit Arena - Rusiya, 2016-cı il
5. Stade des Lumieres - Fransa, 2015-ci il
6. Allianz Parque - Braziliya, 2014-cü il
7. Nouveau Stade de Bordeaux - Fransa, 2015-ci il
8. CSKA Moskva - Rusiya, 2015-ci il
9. New Ferenc Puskas - Macarıstan, 2018-ci il
10. Al Wakrah - Qətər, 2022-ci il