İlham Əliyev Avstraliyanın və Yeni Zelandiyanın Azərbaycana təyin olunan səfirlərinin etimadnamələrini qəbul edib
27 noyabr, 2014 10:40
AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, səfir Ceyms Martin Larsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Ceyms Martin Larsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Avstraliyanın Baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı apardıqları müzakirələri məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin perspektivləri, qarşılıqlı biznes və investisiya imkanlarının öyrənilməsi istiqamətində işlərin aparılmasının vacibliyini qeyd etdi.
Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsen ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, təhsil və digər sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi. O, ikitərəfli münasibətlərimizin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.
Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyev Yeni Zelandiyanın da ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Conatan Endryu Karrın etimadnaməsini qəbul edib.
Səfir Conatan Endryu Karr fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Conatan Endryu Karr etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Conatan Endryu Karr Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu dedi.
Azərbaycan ilə Yeni Zelandiya arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün güclü qarşılıqlı siyasi iradənin olduğunu vurğulayaraq biznes, sərmayə qoyuluşu və digər sahələrdə imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.