Millət vəkili Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri ilə görüşüb
27 noyabr, 2014 10:35
TÜRKVİZİON musabiqəsinə gələn il ev sahibliyinin Qırğızıstana keçməsi və nazir təyin edilməsi münasibəti ilə A.Maksutovu təbrik edən Qənirə Paşayeva Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında maraqlı olduğunu, ölkəmizin bütün istiqamətlərdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini söyləyib.
Azərbaycan Prezidenti, Parlamentinin qardaş Qırğızıstanla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili bütün istiqamətlərdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib və bu əlaqələrin və əməkdaşlığın daha da genişlənməsini vacib sayıb.
Təbrikə görə təşəkkürünü bildirən nazir millət vəkili Qənirə Paşayevanı gələn il Türkvision mahnı yarışmasına ev sahibliyi edəcək Qırğızıstana və tədbirə dəvət edib.
Qırğızıstanın Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən A.Maksutov iki qardaş ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf etməsindən məmnunluğunu bildirib.
Eyni zamanda görüşdə millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi,özəlliklə də Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məhv etdiyi tarixi, mədəni, dini abidələrlə bağlı da nazirə məlumatar verib və bu istiqamətdə mədəniyyət nazirinə Azərbaycan həqiqətləri, Qarabağ problemi, Xocalı Soyqırımını özündəəks etdirən kitabları, materialları hədiyyə edib.
O, müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə ediərək bu istiqamətdə geniş məlumatlar verib.
Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da mədəniyyət nazirinə hədiyyə olunub.
Azərbaycan xalqının qədim və böyük musiqisi muğam haqqında, Qarabağın Azərbaycan musiqisindəki yeri və rolu barədə da danışan Q.Paşayeva qırğız nazirə Heydər Əliyev Fondunun hazırladığı musiqi albomlarını, “Qarabağ xanəndələri” albomunu da hədiyyə edib.
Millət vəkili Qırğızıstan mədəniyyət nazirini Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onu dəvət edib.
A.Maksutov isə Azərbaycanı məmnuniyyətlə görmək istədiyini deyib və iki qardaş dövlət və xalq arasında mədəniyyət, turizm və informasiya sahəsində əməkdaşlığın daha da genişlənməsi istiqamətində işlərin və layihələrin daha da artacağını bildirib.